...

“Təmiz Şəhər” ASC inşa müsabiqəsini elan edir

Cəmiyyət Materials 15 Aprel 2014 10:58 (UTC +04:00)
Ətraf mühitin mühafizəsinə və tullantıların düzgün idarə edilməsinə uşaqların və yeniyetmələrin diqqətini cəlb etmək üçün “Təmiz Şəhər” ASC məktəblilər arasında ekoloji inşa müsabiqəsi elan edir.
“Təmiz Şəhər” ASC inşa müsabiqəsini elan edir

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Ətraf mühitin mühafizəsinə və tullantıların düzgün idarə edilməsinə uşaqların və yeniyetmələrin diqqətini cəlb etmək üçün "Təmiz Şəhər" ASC məktəblilər arasında ekoloji inşa müsabiqəsi elan edir.

ASC-dən Trend-ə verilən məlumata görə, inşa müsabiqəsinin keçirilməsində əsas məqsəd şagirdləri bu mövzuda düşündürmək və onların fikirlərini öyrənməkdir. Bu günün uşaqları sabahın gəncləridir. Ölkəmizin gələcəyi, o cümlədən ətraf mühitlə bağlı məsələlər onları bu gündən düşündürməlidir. Məktəblilərin tullantılarla bağlı fikir və mülahizələri bu sahədə fəaliyyət göstərən "Təmiz Şəhər" ASC üçün də maraqlıdır.

Müsabiqəyə təqdim olunacaq inşa yazıları aşağıdakı mövzulardan birini və ya bir neçəsini özündə əks etdirməlidir:

1. Tullantıları necə azaltmalıyıq?

Məlumat: Böyük şəhərlərdə əhali sayı durmadan artır və bu artım milyonlarla ölçülür. İnsanların maddi rifahının artması ilə də tullantıların həcmi həndəsi silsilə ilə artmaqdadır. Böyük tullantı həcmlərinin idarə edilməsi ciddi problemlər yaradır. Lakin insanlar tullantı miqdarlarını düzgün istehlak və istifadə mədəniyyəti vasitəsi ilə azalda bilərlər. Sizcə buna necə nail olmaq olar və tullantıları necə azaltmalıyıq?

2. Ətrafı təmiz saxlamaq üçün nə etməliyik?

Məlumat: Gündəlik həyatımızda küçə və həyətlərimizdə, park və meydanlarda, yollarda, səkilərdə və müxtəlif yerlərdə tullantılara rast gəlirik. Bəs, insanlar bu tullantıları niyə tullantı qablarına atmır? Bu vərdişləri necə dəyişə bilərik? Bizim rolumuz nədən ibarətdir?

3. Tullantı nədir və onun faydaları hansılardır?

Məlumat: Tullantılara yararsız məhsulların toplusu kimi baxılmamalıdır. Bu gün müasir texnologiyalar vasitəsi ilə tullantılardan təkrar emala yararlı xammal və enerji əldə edilir. Bəs, siz bu barədə nə bilirsiniz? Tullantılardan necə fayda əldə etmək olar?

Müsabiqəyə təqdim edilən inşa yazıları 15 may 2014-cü il tarixinə qədər [email protected] ünvanına göndərilməlidir. Ətraf mühitin qorunması məqsədi ilə kağız üzərində yazılmış inşalar qəbul olunmayacaq.

Qeyd edək ki, inşalar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin nəticələri üzrə keçiriləcək təqdimat mərasimində hər mövzu üzrə birinci üç yerin qalibləri noutbuk, planşet və elekron kitablar kimi dəyərli hədiyyələrlə mükafatlandırılacaq, inşa müsabiqəsinin bütün iştirakçıları diplomlarla təltif ediləcəklər.

Müsabiqənin şərtlərinə dair əlavə məlumat almaq üçün www.tamizshahar.az/inshamusabiqesi daxil ola və ya müsabiqə üzrə əlaqələndiricilərlə (Nigar Vəkilova və Ləman Budaqova (012) 464 41 11) əlaqə saxlamaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti