Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın və Türkmənistanın Əlyazmalar institutları arasında əməkdaşlıq barədə memorandumun imzalanması nəzərdə tutulur.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutundan Trend-ə verilən məlumata görə, bu gün Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Toyli Komekov AMEA Əlyazmalar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Teymur Kərimli ilə görüşüb.
T.Komekov T.Kərimlini böyük türkmən şairi Məxtumqulunun may ayında Aşqabadda keçiriləcək yubileyinə dəvət edib.
Səfir Əlyazmalar İnstitutunun işi, sərgi zalı ilə tanış olub, iki qardaş ölkənin alimləri, Əlyazmalar institutları arasında əlaqələrin genişləndirilməsi zərurətindən danışıb.
Tərəflər may ayında Əlyazmalar İnstitutunda Məxtumqulunun yubileyi münasibətilə elmi konfrans keçirilməsi, iki ölkənin Əlyazmalar institutları arasında əməkdaşlıq barədə memorandumun imzalanması qərarına gəliblər.