...

Azərbaycanda uşaq göz travmalarında dəlib keçən yaralanmaların faizi yüksəkdir

Cəmiyyət Materials 28 Aprel 2014 16:35 (UTC +04:00)
Son illərdə inkişaf etmiş ölkələrdə uşaq göz travmalarının strukturunda dəlib keçən yaralanmaların xüsusi çəkisi azaldığı halda, Azərbaycanda proqnostik cəhətdən daha ağır olan dəlib keçən yaralanmaların faizi yüksəkdir.
Azərbaycanda uşaq göz travmalarında dəlib keçən yaralanmaların faizi yüksəkdir

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir İ.İsabalayeva/

Son illərdə inkişaf etmiş ölkələrdə uşaq göz travmalarının strukturunda dəlib keçən yaralanmaların xüsusi çəkisi azaldığı halda, Azərbaycanda proqnostik cəhətdən daha ağır olan dəlib keçən yaralanmaların faizi yüksəkdir.

Milli Oftalmologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, uşaqlarda göz almasının zədələrinin epidemioloji xüsusiyyətlərinin, travmatik kataraktaların rastgəlmə tezliyinin və xüsusiyyətlərinin öyrənilməsi məqsədi ilə 2008-2012-ci ildə göz almasının travması diaqnozu ilə müalicə almış 654 xəstənin stasionar və tibbi kartlarının təhlili aparılıb.

Məlum olub ki, son beş ildə göz almasının travmaları ilə şöbəyə müraciət edən uşaqların sayı sabit qalıb. Bu travmaların 71,7%-ni yaralanmalar, 28,3%-ni isə göz almasının küt zədələnmələri təşkil edir. Bu göstərici hazırda inkişaf etmiş ölkələrdəki göstərici ilə bir qədər ziddiyyət təşkil edir. Belə ki, son illərdə inkişaf etmiş ölkələrdə uşaq göz travmalarının strukturunda dəlib keçən yaralanmaların xüsusi çəkisi azalır.

Göz almasının küt zədələri ümumi zədələrin 65%, dəlib keçən yaralanmalar isə yalnız 28%-ni təşkil edib.

Nəticədə bəlli olub ki, proqnostik cəhətdən daha ağır olan dəlib keçən yaralanmaların yüksək faizi Azərbaycanda uşaqlarda göz travmatizminin profilaktikası tədbirlərinin qənaətbəxş olmadığını, bu sahədə xüsusi mübarizə proqramının işlənməsinə ehtiyac olduğunu göstərir.

Mərkəzin apardığı təhlillər zamanı aydın olub ki, həm kontuziya, həm də dəlib keçən yaralanmalar qrupunda xəstələrin əksəriyyəti oğlanlardır. Ümumiyyətlə, oğlanların və qızların sayının nisbəti kontuziya qrupunda 6:1, dəlib keçən yaralanmalar qrupunda 2,5:1, bütün zədə almış uşaqlarda isə 3:1-ə bərabər olub. Oğlan uşaqlarının qızlara nisbətən daha riskli və aqressiv davranışlı olması cinslər arasındakı bu kəskin fərqi izah edə bilər.

Yuxarı yaş qrupunda olan xəstələrin sayı (324) kiçik yaş qrupundakı xəstələrin sayından (124) təxminən 3 dəfə artıq olub. Göz alması travmalarının ən çox rast gəlinən ağırlaşması travmatik katarakta olub. Travmatik kataraktalar yaşı 4-dən kiçik olan uşaqlarda 117 haldan 42-də (35,9%), yaşı 4-8 arasında olan uşaqlarda 215 haldan 61-də (28,4%) və yaşı 9-15 arasında olan uşaqlarda 322 haldan 78-də (24,2%) rast gəlinib.

Mərkəzin apardığı araşdırmalar zaman o da məlum olub ki, göz qapaqlarının bazal-hüceyrəli xərçəngi (BHX) dəri xərçəngi arasında ən yüksək rast gəlmə tezliyinə malikdir. Onlar nisbətən gec böyümə və nadir halda metastaz verməklə xarakterizə olunurlar. Bu törəmələr epidermis və tük follikullarından əmələ gəlirlər.

Göz qapaqlarının bazal-hüceyrəli xərcəngi xəstəliyinə yoluxanların sayı hər il 0,3-1% artır. Bu xəstəliklə qadınlar və kişilər eyni dərəcədə xəstələnə bilərlər. Qadınlar və kişilər arasında bu xəstəliyin artmasını bəzi alimlər dünyada əhalinin daha çox qocalıq yaşına çatması ilə əlaqələndirirlər. Lakin Azərbaycan həkimlərinin fikrincə, burada ekoloji vəziyyətin pisləşməsinin böyük rolu var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti