Azərbaycan, Bakı, 1 may /Trend/
Azərbaycanda bu il ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərin sayı ötən illə müqayisədə 3362 nəfər azalıb.
Trend xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ötən il ali və orta ixtisas məktəblərinə 100 683 abituriyent sənəd verdiyi halda, bu il abituriyentlərin sayı 97 321 nəfər olub.
Bu il ali və orta ixtisas məktəblərinə sənəd verənlərin 88 559-u Azərbaycan, 8762-si isə rus bölməsinin məzunudur. Abituriyentlərin 35 562-si I, 23 475-i II, 26 167-si III, 12 117-si isə IV ixtisas qrupuna sənəd verib.
M.Abbaszadə qeyd edib ki, bu il Azərbaycanda 4000-ə yaxın abituriyent ali və orta ixtisas məktəblərinə qəbul üçün sənəd versə də, elektron ərizəsini təsdiq edə bilmədiyindən qəbul imtahanlarında iştirak etməyəcək. Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verən və özünün ərizə təsdiq etdirmək hüququ olan təxminən 200 abituriyent ərizəsini təsdiq etdirməyib.
TQDK sədri bildirib ki, ümumilikdə elektron ərizələrini təsdiq edə bilməyən abituriyentlərin çoxu əvvəlki illərin məzunlarıdır. Onların əksəriyyəti oğlandır. Onun sözlərinə görə, ali və orta ixtisas məktəbinə sənəd vermək istəyən oğlan abituriyentlər ya həqiqi hərbi xidmətdən möhlət hüququ almalı, ya da hərbi xidmət çəkməlidirlər: "Biz belə hesab edirik ki, onlar hərbi xidmətə görə sənədlərini təsdiq etdirə bilməyiblər".