Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda dərman preparatlarının satışı sahəsində süni bahalaşma hallarının qarşısı alınacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın Baş nazirinin müavini Әli Әhmədov jurnalistlərə deyib.
Ә.Əhmədovun sözlərinə görə, Azərbaycanda dərman preparatlarının qiyməti onların həqiqi dəyərindən xeyli yüksəkdir: "Bu, dərman satışı ilə məşğul olanların bəzilərinin vəziyyətdən sui-istifadə etməsinin nəticəsidir".
Baş nazirin müavini qeyd edib ki, bu cür neqativ halların aradan qaldırılmasına çalışılır: "Azərbaycanda dərmanlar real qiymətindən baha satılmamalıdır".
Ə.Əhmədovun sözlərinə görə, ölkədəki apteklərdə dərmanların vahid qiymətə satılması ilə bağlı Səhiyyə Nazirliyinin Nazirlər Kabinetinə təqdim etdiyi sənəd yaxın vaxtlarda təsdiq olunacaq.