...

Azərbaycanda əhalinin 85 faizi genişzolaqlı internet istifadəçisi olacaq

Cəmiyyət Materials 7 May 2014 17:46
Bu ildən Azərbaycan ərazisi üzrə genişzolaqlı internetin inkişafını nəzərdə tutan böyük bir layihənin həyata keçirilməsinə başlanılır.
Azərbaycanda əhalinin 85 faizi genişzolaqlı internet istifadəçisi olacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İzzət/

Bu ildən Azərbaycan ərazisi üzrə genişzolaqlı internetin inkişafını nəzərdə tutan böyük bir layihənin həyata keçirilməsinə başlanılır. Trend xəbər verir ki, bu, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının "Heydər Əliyev və yeni cəmiyyət modeli" mövzusunda təşkil etdiyi konfransın materialları arasında yer alan məqaləsində qeyd edilib.

Nazir bildirib ki, Dövlət Neft Fondunun dəstəyi ilə start götürəcək bu layihənin başlıca məqsədi Azərbaycanın bütün yaşayış məntəqələrini yüksək sürətli internetlə təmin etməkdir: "Layihə 3 il müddətində reallaşdırılacaq. Onun həyata keçirilməsindən əsas gözləntilər ölkə ərazisində 30-100 Mbit/s genişzolaqlı xidmətlərə çıxış imkanı yaratmaq və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu da Azərbaycana bu göstərici üzrə dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmağa imkan verəcək".

Ə.Abbasov həmçinin qeyd edib ki, İnformasiya Texnologiyalarının İnkişafı Fondu İKT sektorunda fəaliyyətin stimullaşdırılmasına, innovativ sahibkarlığın inkişaf etdirilməsinə, yerli və xarici investisiyaların cəlb olunmasına, tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsinə xidmət edir: "Yola saldığınız "İKT ili"ndə Azərbaycan Prezidentinin fərmanı ilə Fondun əsasnaməsi təsdiq edilib və onun fəaliyyətinin təşkili ilə bağlı bütün işlər başa çatdırılıb. Bu Fond İKT üzrə yeni innovasiya şirkətlərinin yaradılmasına, rəqabət qabiliyyətli İKT məhsul və xidmətlərinin istehsalı və onların dünya bazarlarına çıxışına maliyyə və təşkilati dəstək verəcək, innovativ təşəbbüsləri qrantlar, kreditlər və investisiyalarla təmin edəcək".

Rabitə və yüksək texnologiyalar nazirinin sözlərinə görə, Azərbaycanda İKT sənayesinin, məhsul və xidmətinin rəqabət və ixrac imkanlarının artırılmasına yönəlmiş Yüksək Texnologiyalar Parkı bu sahədə iqtisadi potensialın gücləndirilməsi, elm, təhsil və biznesin səylərinin birləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir: "Yüksək Texnologiyalar Parkı İKT iqtisadiyyatının inkişafı naminə elm və istehsal arasındakı əlaqələri gücləndirəcək, elmtutumlu məhsulların, informasiya cəmiyyətinin tələblərinə uyğun yeni bilik və texnologiyaların yaradılmasını genişləndirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti