Azərbaycan, Bakı, 9 may /Trend, müxbir E.Mehdiyev/
Mayın 10-da Azərbaycanda yağmursuz hava şəraiti üstünlük təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında mayın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında mayın 10-da havanın temperaturunun gecə 11-16, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.
Sabah Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturunun gecə 13-18, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.