Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İzzət/
Dövlət Gömrük Komitəsi (DGK) bir qrup Qarabağ əlilinin səsləndirdiyi ittihamları əsassız sayır.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bu məsələ təəssüf ki, bəzi kütləvi informasiya vasitələrində birtərəfli olaraq işıqlandırılıb, DGK-nin ünvanına əsası olmayan qərəzli fikirlər səsləndirilib.
Araşdırmalar zamanı məlum olub ki, yükün əsl sahibi, adı gizli saxlanılan "sahibkar" Qarabağ əlillərinin adından və statusundan istifadə edərək müəyyən güzəştlərdən yararlanmağa çalışıb. Eyni zamanda, gətirilən yükün nəqliyyat müşayiət sənədlərində çatışmazlıqların mövcud olduğu aşkarlanıb. Əlavə olaraq pul istənilməsi məsələsinə gəlincə, bu, gömrük orqanları əməkdaşlarına atılan şər və böhtandan başqa bir şey deyil.
Məsələ ilə bağlı mayın 26-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov başda olmaqla bir qrup Qarabağ əlilini qəbul edib, onların fikirlərini dinləyib, mövcud qanunvericiliyə uyğun olaraq məsələnin həlli ilə bağlı müvafiq tövsiyələrini görüş iştirakçılarının nəzərinə çatdırıb.
Görüşdən razılıqla ayrıldıqdan sonra əlillərin bir qrupu nədənsə fikirlərini dəyişərək yuxarı instansiyalara müraciət edib, təhdidedici bəyanatlar səsləndiriblər. Qarabağ Qaziləri İctimai Birliyinin sədri E.Əsədov şəxsən Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlayıb, razılığını ifadə edib, görüşdən sonra etiraz edən əlillərin sadəcə təxribatla məşğul olduqlarını bildirib.
Dövlət Gömrük Komitəsi rəsmi olaraq bir daha bildirir ki, Qarabağ əlillərinin səsləndirdiyi ittihamlar əsassızdır, məqsədli şəkildə gömrük orqanlarına atılan şər və böhtandır.
Qeyd edək ki, bəzi KİV-lərin məlumatına görə, mayın 26-da bir qrup Qarabağ əlili Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısına toplanaraq iddia ediblər ki, guya onlara məxsus Türkiyədən gətirilmiş 23 ton 800 kiloqram portağal yükü əsassız olaraq Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük keçid məntəqəsində saxlanılıb və onlardan yükün hər tonuna görə əlavə pul istənilib.