...

Bakıda 15-dən çox ölkənin ombudsmanları qadın hüquqlarının təmin edilməsi məsələsini müzakirə edir

Cəmiyyət Materials 18 İyun 2014 14:09 (UTC +04:00)
Bu gün "Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların XII Bakı Beynəlxalq konfransı öz işinə işinə başlayıb.
Bakıda 15-dən çox ölkənin ombudsmanları qadın hüquqlarının təmin edilməsi məsələsini müzakirə edir

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün "Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların XII Bakı Beynəlxalq konfransı öz işinə işinə başlayıb.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova tədbirdə bildirib ki, hər il Bakıda ənənəvi olaraq keçirilən konfransın məqsədi qadınlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, insan hüquqlarının qorunması sahəsində əldə olunmuş təcrübənin bölüşdürülməsi, mövcud problemlərin müzakirəsi, bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsidir.

Ombudsman Azərbaycanda insan hüquqlarının qorunması sahəsində aparılmış islahatlar və əldə edilmiş nailiyyətlərdən danışıb. O, dünyada beynəlxalq sənədlərin qəbul olunmasına baxmayaraq hələ də bu sahədə müəyyən problemlərin mövcud olduğunu qeyd edib: "Qadın hüquqlarının tam təmin olunmasında hələ də problemlər qalmaqdadır. Qadınlara qarşı məişət zorakılığı, iqtisadi, siyasi sferada qadınların az yer tutması kimi vacib məsələlərdəndir. Konfrans bu sahədə qarşılıqlı fikir mübadiləsinin aparılması beynəlxalq əməkdaşlığın inkişafına öz töhfələrinə verəcək".

Konfransın açılışında çıxış edən Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində görülmüş işlərdən danışıb. O, qeyd edib ki, qadın hüquqlarının qorunması Azərbaycan üçün yeni bir məsələ deyil və Azərbaycanda qadın hüquqlarının qorunması üçün müvafiq qanunlar da qəbul edilib: "Son 10 ildə xanımların müxtəlif strukturlarda yerləşdirilməsi üçün addımlar atılır. Azərbaycanın 80-dən artıq rayon və şəhərlərində icra strukturlarında başçıların müavinlərindən biri mütləq şəkildə qadın təyin olunub. Qadınlar dövlət və hökumət strukturlarında təmsil olunur".

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində güclü hüquqi bazanın mövcud olduğunu deyib. Onun fikrincə, Azərbaycanda qadınlar həmişə cəmiyyətdə öz rolu ilə seçilib və hazırda idarəçilikdə geniş təmsil olunurlar.

Vitse-spiker Bahar Muradova isə bildirib ki, Milli Məclis fəaliyyəti zamanı insan hüquqlarının qorunması məsələsini gündəlik istiqamətlərdən biri kimi ortaya qoyub. Bunula belə, onun fikrincə, müəyyən problemlərin mövcudluğunu inkar etmək olmaz: "Lakin heç də demək olmaz ki, ölkədə qadın və qızlar onlar üçün müəyyən edilmiş hüquqlardan tam mənasında istifadə edir, təhlükəsiz yaşayırlar, ən azı onlar öz yaxın ailə üzvlərinin təzyiqlərinə məruz qalmırlar. Hesab edirəm ki, Milli Məclisin qəbul etdiyi Qadınlara və qızlara qarşı məişət zorakılığının aradan qaldırılması istiqamətində qanunun bu istiqmaətdə çox böyük əhəmiyyəti var".

Tədbirdə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının I katibi Günay Əfəndiyeva, BMT-nin rezident əlaqələndiricisi Antonius Bruk, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ofisinin Milli İnsan Hüquqları İnstitutları və regional mexanizmlər bölməsi rəhbərinin müavini Afərin Şərifzadə, YUNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervard dünyada qadın hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlər barədə məruzə ediblər.

Qeyd edək ki, YUNESKO-nun dəstəyi ilə keçirilən üç günlük konfransda Avropa, Asiya, Amerikanın 15-dən çox ölkəsindən 30-dan çox Ombudsman və onların nümayəndələri, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri, hüquqşünas alimlər iştirak edirlər.

Konfransda ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə 18 may -18 iyun tarixlərində respublikada ənənəvi "İnsan hüquqları" aylığının nəticələrinə yekun vurulacaq. İyunun 20-dək davam edəcək konfransın yekununda "Bakı Bəyannaməsi" qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti