...

Gəncədə “İnkişaf akademiyası” layihəsi reallaşıb (FOTO)

Cəmiyyət Materials 1 İyul 2014 11:23 (UTC +04:00)
Gəncə şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının dəstəyi, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə 2 günlük yay düşərgəsi reallaşıb.
Gəncədə “İnkişaf akademiyası” layihəsi reallaşıb (FOTO)

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Gəncə şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının dəstəyi, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə 2 günlük yay düşərgəsi reallaşıb. Azərbaycanın ən dilbər guşələrindən olan Gəncə şəhər Hacıkənd qəsəbəsində, təbiət qoynunda baş tutan "İnkişaf akademiyası" adlı layihənin əsas məqsədi partiyanın üzvü olan fəal gənclərin birlik və həmrəyliyinin möhkəmləndirilməsini, əlaqələrinin genişləndirilməsini, siyasi dünyagörüşünün formalaşmasını və gənclərin asudə vaxtının səmərəli keçirilməsini təmin etmək olub.

Tədbirdə qonaq qismində YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, partiya təşkilatının məsul işçiləri iştirak ediblər.

Tədbirin rəsmi hissəsini açan YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev layihə iştirakçılarını salamlayıb, onlara uğurlar arzu edib. Bildirib ki, bu gün Azərbaycan gəncliyi onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirir, dövlət və xalq qarşısında öz vəzifə və məsuliyyətini yaxşı dərk edir, yaradılan geniş imkanlardan səmərəli istifadə edərək, qüvvə və bacarıqlarını göstərirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu gənclər siyasətinin nəticəsində Azərbaycanın ilk "Gənclər Paytaxtı" olan və "Avropa Gənclər Paytaxtı- 2016" müsabiqəsinin qalibi adını qazanan Gəncə şəhərinin təşəbbüskar və mübariz gəncləri bu gün nəinki şəhərimizdə, eləcə də respublikada, Avropa şəhərlərində xüsusi fəallıqları, yüksək intellekt və təfəkkürləri ilə fərqlənirlər. Qələbələr, zəfərlər gənclərin əzmkarlığını, qətiyyətini artıraraq, onları daha böyük səylə işləməyə sövq edir.

Gənclər təşkilatları şəhərdə həyata keçirilən mühüm yerli və beynəlxalq tədbirlərdə yaxından iştirak edirlər. Bu gün gənclər siyasəti Gəncə şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının gündəlik fəaliyyətində xüsusi önəm daşıyır və diqqət mərkəzində saxlanılır.

2011-ci ildən bu günə kimi şəhərdə gənclər sahəsi üzrə 340-dan artıq yerli və beynəlxalq səviyyəli tədbirlər həyata keçirilib ki, həmin tədbirlərdə minlərlə gənc iştirak edib. Beynəlxalq tədbirlərdə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən yüzlərlə gənc Gəncəyə səfər edir, onun mədəniyyəti, tarixi ilə yaxından tanış olur.
"İnkişaf akademiyası" adlı keçirilən bu layihə də gənclərin inkişafında müstəsna əhəmiyyət kəsb edəcək, gənclər arasında sıx əlaqə və səmimi münasibətlərin yaranmasında mühüm rol oynayacaqdır.

YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev layihənin mahiyyəti və qaydaları barədə, son illər gənclərin iştirakı ilə Gəncədə keçirilən beynəlxalq tədbirlər, dəyərli layihələr haqqında geniş məlumat verib.
Tələbə- gənclərin iştirakı ilə keçirilən layihə çərçivəsində "Yaradıcı potensialın və kreativliyin kəşfi metodları", "Sosial marketinq", "Kiber Təhlükəsizlik və Azərbaycanın rolu" adlı təlimlər, diskoteka, müxtəlif simulyar oyunlar təşkil olunub. Açıq havada keçirilən təlimlər, oyunlar iştirakçıların böyük marağına səbəb olub.

Qeyd edək ki, layihədə iştirak etmək üçün 142 nəfər müraciət etmiş və onların sırasından 30 nəfər seçilmişdir. "İnkişaf akademiyası" layihəsi yay tətili boyunca mütəmadi olaraq keçiriləcək və yeni gənclər bu təlimlərdən faydalanacaq. Sonda layihədə fəal iştirak edən gənclərə sertifikatlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti