Azərbaycan, Bakı, 5 sentyabr /Trend/
Azərbaycan, Qazaxıstan və İranın televiziya şirkətlərinin rəhbərləri "Xəzəryanı dövlətlərin redaksiyaları"nın nizamnaməsini müzakirə etmək üçün Həştərxanda görüşüblər. Trend-in Həştərxan vilayəti hökumətinin saytına istinadən verdiyi məlumata görə, "Xəzəryanı dövlətlərin redaksiyaları" Həştərxanın regional televiziya kanalı "Həştərxan 24"-ün bazasında yaradılır.
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin layihəni dəstəkləyərək bildirib ki, KİV-in ümumi redaksiyasının yaradılması Xəzər dənizi ölkələri arasında sülhün və əmin-amanlığın möhkəmləndirilməsində vacib rol oynayacaq.
Ümumi redaksiyanın yaradılmasına bu ilin aprelində başlanılıb. Həmin vaxt İranın Gilan və Mazandaran vilayətlərinin teleşirkətlərinin əməkdaşlığı haqqında saziş imzalanmışdı. May ayında analoji sənədi "Qazaxıstan" teleradio şirkətinin, iyunda isə Azərbaycan Regional Televiziyasının nümayəndələri imzalayıblar.
"Həştərxan regional kanalı"nın baş direktoru Yelena Ulyanova qeyd A.Jilkinlə Xəzəryanı dövlətlərin teleşirkətlərinin rəhbərləri ilə görüşdə qeyd edib ki, Xəzəryanı dövlətlərin digər teleşirkətləri də bu layihəyə qoşula bilər: "Türkmənistan tərəfi də əməkdaşlığa hazır olduğunu bildirib".
Əməkdaşlıq çərçivəsində televiziya kanalları xalqlar, ənənələr, biznesin inkişaf imkanları barədə informasiya mübadiləsi aparacaqlar.
Həştərxan qubernatoru bildirib ki, region üçün Azərbaycan, Türkmənistan, İran və Qazaxıstanla qarşılıqlı münasibətlər strateji prioritet kəsb edir: "Biz iqtisadi layihələrin reallaşdırılmasında və humanitar əlaqələrin inkişafında bir-birimizə fayda veririk".