...

Azərbaycan Dövlət Aqrar Universiteti - 85 (FOTO)

Cəmiyyət Materials 22 Sentyabr 2014 15:24 (UTC +04:00)
Gəncədə ADAU-nun 85 illik yubileyi münasibətilə beynəlxalq elmi-praktik konfrans keçirilib
Azərbaycan Dövlət Aqrar Universiteti - 85 (FOTO)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Bu gün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) yaradılmasının 85 illiyinə həsr olunan "Müasir aqrar elm: Qloballaşma şəraitində əsrin aktual problemləri və inkişaf perspektivləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirib.

Möhtəşəm Heydər Əliyev Mərkəzinə gələn tədbir iştirakçıları öncə ulu öndərin abidəsi önünə hörmət və ehtiram ifadəsi olaraq gül-çiçək dəstələri qoyublar.

Tədbiri giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq qonaqları salamlayıb. Şeyx Nizami yurdu Gəncənin elm və mədəniyyət mərkəzi olaraq, son illər beynəlxalq əlaqələrinin daha da gücləndiyini bildirib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilə, onun maddi-texniki bazasının yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıdan ətraflı söhbət açıb, yubiley münasibətilə universitetin rəhbərliyini və kollektivini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan kənd təsərrüfatı nazirinin müşaviri Rəsul Balayev, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov, ABŞ-ın İllinoys Universitetinin professoru Mohammad Babadoost, Türkiyənin Kastamonu Universitetinin rektoru Aydın Seyıt və başqaları çıxış edərək, qloballaşma şəraitində aqrar sahə üzrə elmi mütəxəssislərin qarşısında duran vəzifələr və bu sahənin inkişaf yollarından, qarşılıqlı işgüzar əlaqələrin genişləndirilməsindən danışıblar.

Konfransda 11 xarici dövlətdən 34 nəfər olmaqla, bütövlükdə 300 nəfər iştirak edib. Türkiyə, ABŞ, Rusiya, Macarıstan, Sloveniya, İtaliya, Almaniya, Gürcüstan, Norveç, Portuqaliya, Fransanın, habelə respublikamızın müvafiq ali təhsil və elmi tədqiqat müəssisələrini təmsil edən nümayəndələr aqrar elmin aktual problemlərinə dair məruzələrlə çıxış ediblər. 510 məqalədən ibarət olan konfransın materialları üç cilddə nəşr olunub. Konfrans çərçivəsində universitetdə qapalı balıqçılıq laboratoriyası, quşçuluq tədris mərkəzi, yeni laboratoriyalar, əsaslı şəkildə təmir olunmuş mühəndislik korpusu, informasiya texnologiyaları ilə təchizat, habelə Gəncə şəhərində tarixi-memarlıq abidələr, quruculuq və abadlıq işləri ilə tanışlıq tədbirləri nəzərdə tutulub.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini və Park-Kompleksini gəzib, Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, Mərkəzdəki və Park-Kompleksdəki memarlıq işlərinə, füsünkar görkəminə heyran qaldıqlarını bildiriblər.

Günortadan sonra konfrans öz işini AQRAR Universitetin inzibati binasında davam etdirəcək. Qonaqlar Universitetin tədris korpusları, həmçinin Məhsəti Gəncəvi Muzeyi, Uşaq Yaradıcılıq Mərkəzi, Cavad xan küçəsi ilə tanış olacaqlar.

Sabah konfrans iştirakçıları Nizami Gəncəvi Məqbərəsini ziyarət edəcək, Nizami Gəncəvi Muzeyində, Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya muzeyində olacaqlar.

Fakültələrdə bölmələr üzrə konfrans öz işini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti