...

Mixail Şmakov: Azərbaycanda həmkarlar ittifaqları mütəşəkkildir

Cəmiyyət Materials 22 Oktyabr 2014 12:34 (UTC +04:00)
Bu gün Bakıda Ümumhəmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) İcraiyyə Komitəsinin növbəti iclası öz işinə başlayıb.
Mixail Şmakov: Azərbaycanda həmkarlar ittifaqları mütəşəkkildir

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Bakıda Ümumhəmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) İcraiyyə Komitəsinin növbəti iclası öz işinə başlayıb.

Trend-in məlumatına görə, iclas iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələrini yad edib, məzarları üzərinə tər qərənfillər düzüblər.

Qonaqlar Bakının mənzərəsini və Bayraq Meydanını seyr ediblər.

Sonra İcraiyyə Komitəsinin növbəti iclası öz işinə başlayıb.

ÜHİK sədri Mixail Şmakov iclası açaraq tədbirin təşkilinə və göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyinə minnətdarlıq edib.

O bildirib ki, MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzi və 30 beynəlxalq həmkarlar ittifaqı birliyi ÜHİK-in ətrafında birləşib. AHİK 2001-ci ildən bu təşkilatın üzvüdür və hazırda ÜHİK-in bütün rəhbər orqanlarında təmsil olunur.

M.Şmakov deyib ki, Azərbaycan dövləti gündən-günə çiçəklənir, inkişaf edir. İqtisadi inkişaf sürətinə görə Azərbaycan MDB-də liderdir: "Ölkədə ümumi daxili məhsul istehsalının həcmi, adambaşına düşən gəlirlərin məbləği artıb. Bizdə olan məlumata görə, artım davam edir. Təbii ki, bütün bunlar insanların sosial vəziyyətinin, həyat tərzinin yaxşılaşmasına xidmət edir. Azərbaycanda həmkarlar ittifaqları da mütəşəkkildir. Dövlətin inkişafı həmkarlar ittifaqı təşkilatlarının inkişafına təkan verir. İcraiyyə Komitəsinin növbəti iclasının Azərbaycanda keçirilməsi dostluğumuzun, əməkdaşlığımızın və AHİK-in inkişafının bariz nümunəsidir".

Daha sonra AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev qonaqları salamlayaraq deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətlə inkişaf edir.

S.Mehbalıyev bildirib ki, insanların həyat tərzi, sosial vəziyyəti yaxşılaşır, ölkədə demokratiya, vətəndaş cəmiyyəti inkişaf edir və bu inkişaf özünü həmkarlar ittifaqı təşkilatlarının formalaşmasında da göstərir.

Həmkarlar ittifaqlarının birliyinin möhkəmlənməsində və inkişafında ÜHİK-in rolunu yüksək qiymətləndirən S.Mehbalıyev bildirib ki, AHİK-lə ÜHİK, eləcə də təşkilata üzv olan digər birliklər arasında əlaqələr çox yüksək səviyyədədir: "Qlobal problemlərin həllində birgə səylər göstəririk. Faydalı qarşılıqlı təcrübə, fikir mübadiləsi aparırıq və bunun çox böyük səmərəsi olur. AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, 2001-ci ildən isə Ümumhəmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Üzv təşkilatlarımızın maraqlarına uyğun olaraq Beynəlxalq Əmək Təşkilatı ilə əlaqələrimizi də möhkəmləndiririk, onun layiqli əmək, əməyin və ətraf mühitin mühafizəsi uğrunda keçirdiyi daimi aksiyalarda iştirak edirik".

Daha sonra S.Mehbalıyev qeyd edib ki, AHİK vətəndaş cəmiyyətinin fəal üzvü olmaqla ölkə həyatının bütün həlledici istiqamətlərinin formalaşmasında iştirak edir.

Onun sözlərinə görə, bu gün AHİK öz sıralarında 1 milyon 600 mindən artıq həmkarlar ittifaqı üzvünü, 27 sahə üzrə həmkarlar ittifaqı mərkəzini, 504 şəhər və rayon komitəsini, 68 birləşmiş həmkarlar ittifaqını, 10730 ilk təşkilatı birləşdirir. Konfederasiyanın tərkibində 3 həmkarlar ittifaqı federasiyası, Naxçıvan Vilayət Həmkarlar İttifaqı Şurası fəaliyyət göstərir: "AHİK Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə, Təhsil, Gənclər və İdman nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Müharibə Veteranları Təşkilatı və digər təşkilatlarla konstruktiv şəkildə əməkdaşlıq edir".

S.Mehbalıyev əmin olduğunu bildirib ki, ÜHİK İcraiyyə Komitəsinin iclasının Bakıda keçirilməsi əlaqələrimizin daha da genişlənməsində və möhkəmlənməsində, eləcə də müştərək problemlərimizin həllində mühüm rol oynayacaqdır.

O, əlavə edib ki, qətiyyətlə demək olar ki, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü balanslaşdırılmış sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan Respublikasının iqtisadiyyatı dinamik şəkildə inkişaf etməkdədir: "İqtisadi islahatların dərinləşməsinə, çoxsahəli inkişafın həyata keçirilməsinə, qeyri-neft sektorunun sürətli inkişafına yönəlmiş kursun həyata keçirilməsi makroiqtisadi və əhalinin rifah halının artım göstəricilərinin yüksək səviyyəsini təmin edib".

S.Mehbalıyev deyib ki, Azərbaycanda məşğulluq siyasəti sistemləşdirilmiş şəkildə həyata keçirilir: "Keçirilən islahatların nəticəsidir ki, əmək bazarında pozitiv dəyişikliklər davam etməkdədir. Həyata keçirilən məqsədli proqramların nəticəsində təkcə 2014-cü ilin son 9 ayında 100 min yeni iş yerləri yaradılmış, son 10 il müddətində isə bu rəqəm 1 milyon 300 minə çatmışdır. Bu gün işsizliyin səviyyəsi 5 faizdir".

Görülən işlər barədə danışan S.Mehbalıyev bildirib ki, Azərbaycanda təhsil, rabitə, səhiyyə, dəmiryol, mədəniyyət, dövlət idarələri, dəniz nəqliyyatı işçiləri həmkarlar ittifaqı respublika komitələrinə məxsus sağlamlıq obyektləri tikilib istifadəyə verilmiş yaxud da tikintisi başa çatmaq üzrədir: "Bu sağlamlıq müəssisələrində 2014-cü ilin ötən yay mövsümündə adları çəkilən sahələrin 4 mindən çox işçisi və onların ailə üzvləri dincəlmiş, 100 minə yaxın işçi isə sosial müdafiə fondunun hesabına həmkarlar ittifaqının güzəştli yollayışları ilə sanatoriya və pansionatlarda və digər özəl sağlamlıq mərkəzlərində istirahət ediblər".

Daha sonra iclas iştirakçıları gündəlikdə duran məsələləri müzakirə ediblər. İclasda "ÜHİK-in üzv təşkilatlarının minimum əməkhaqlarının artırılması və yaşayış minimumundan (minimal istehlak büdcəsinin) aşağı olmayan səviyyəyə çatdırılması istiqamətində həmkarlar ittifaqlarının fəaliyyəti haqqında", "Azad ticarət xidmətləri haqqında razılaşmalara həmkarlar ittifaqlarının mövqeyi haqqında", "MDB iştirakçısı olan dövlətlərdə əməyin mühafizəsinin vəziyyəti haqqında", "Ümimdünya Layiqli Əmək Gününün keçirilməsində ÜHİK-in üzv təşkilatlarının iştirakı haqqında", "ÜHİK-in üz təşkilatlarının gənclərlə iş təcrübəsi haqqında", "ÜHİK-in üzv təşkilatlarından üzvlük haqlarının ödənilməsi qaydaları haqqında" və s. məsələlərə baxılması, ÜHİK-in 2015-ci il üçün gəlir və xərclər smetasının müəyyən edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti