Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Gənclər siyasəti üzrə I Qlobal Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliyanın Əmək, Sosial Siyasətlər və Bərabər İmkanlar Nazirliyinin diplomatik konsulu Paolo Trikilo ilə görüş olub. Tanışlıq məqsədi daşıyan görüşdə İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillo da iştirak edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi tərəqqi strategiyasının uğurları barədə məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov son 10 ildə ölkəmizdə Ümumi Daxili Məhsulun 3,4 dəfə, əhalinin gəlirlərinin 6,5 dəfə artdığını, iqtisadiyyata yatırılan investisiyaların həcminin 132 milyard ABŞ dolları təşkil etdiyini bildirib: "2004-cü ildən başlayaraq icra olunan mühüm dövlət proqramları əksəriyyəti daimi və ölkənin bölgələrində olmaqla 1 milyon 300 min yeni iş yerinin açılması, işsizliyin səviyyəsinin 5%-ə, yoxsulluğun səviyyəsinin isə 5.3%-ə enməsi ilə nəticələnib".
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək siyasətinin təkmilləşdirilməsi, o cümlədən əmək münasibətlərinin elektron informasiya sistemində qeydiyyatı mexanizminin tətbiqi yönündə aparılan islahatları diqqətə çatdıran S.Müslümov gənclərin məşğulluğunun təminatı sahəsində aparılan işlərdən də bəhs edib: "Bu gün Azərbaycan gənclər arasında aşağı işsizlik həddi olan ölkələrdən biridir. Belə ki, ölkəmizdə ümumi işsizlik səviyyəsi 5 faiz olduğu halda 15-29 yaşlı gənclər arasında işsizlik səviyyəsi 9,9 faiz, 15-24 yaş arasında isə 13,5 faiz təşkil edir ki, bu da dünyanın digər ölkələrində mövcud olan göstəricilərdən aşağıdır. Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmi saytında da Azərbaycan gənclərin səmərəli məşğulluğunun təmin olunması məsələləri ilə bağlı dolğun hüquqi bazası, praktik iş təcrübəsi barədə məlumatları təqdim olunan 41 ölkənin sırasına daxil edilib".
Nazir bildirib ki, BƏT-lə birgə icra olunan pilot layihə çərçivəsində bu ilin ortalarında ilk dəfə iş axtaran 15 nəfər gəncin subsidiyalı əsaslarla məşğulluğu təmin olunub və bu istiqamətdə işlərin qarşıdakı dövrdə daha da genişləndirilməsi nəzərdə tutulur.
S.Müslümov cari ilin 17-18 oktyabrında İtaliyanın Turin şəhərində keçirilən Avropa Sosial Xartiyası üzrə beynəlxalq səviyyəli konfransa toxunub. O, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik prioritetlərinə uyğun mövzularda keçirilən həmin konfransın Avropa məkanında Avropa Sosial Xartiyasına əsaslanan normativ sistemin gücləndirilməsi və onun tətbiqinin genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
P.Trikilo bütün sahələrdə dayanıqlı inkişaf tempinə malik olan Azərbaycanda eyni zamanda ümumavropa dəyərlərinə uyğun sosial siyasət kursunun həyata keçirilməsinin, sosial hüquqların təmini baxımından da hər bir kəs üçün bərabər imkanlar yaradılması sahəsində aparılan işlərin təqdirəlayiq olduğunu bildirib. O, ölkəmizdə eyni zamanda gənclərlə bağlı fəal siyasəti yüksək dəyərləndirib, Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İtaliyanın Əmək, Sosial Siyasətlər və Bərabər İmkanlar Nazirliyinin gələcəkdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu vurğulayıb.
Görüşdə hər iki nazirliyin fəaliyyət təcrübəsi barədə qarşılıqlı məlumatlar verilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.