Azərbaycan, Bakı, 14 noyabr /Trend/
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin gələcək məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi, bu məqsədlə onların peşə hazırlığına cəlb edilməsi nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə daxil olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ədliyyə Nazirliyi arasında imzalanmış müvafiq sazişə əsasən, bu ilin ötən dövründə penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 230 nəfər şəxs peşə hazırlığı kurslarına cəlb olunub. Onlardan 32 nəfəri qadınlar, 16 nəfəri isə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Tərbiyə müəssisəsindəki uşaqlar olub.
Kurslar penitensiar müəssisələrin mövcud peşə məktəblərinin bazasında dərzi, dülgər-xarrat, kompyuter istifadəçisi, kompyuter texnikasının təmiri, bərbər-manikürçü peşələri üzrə təşkil edilib. Məhkumların kursları bitirmə vaxtı onların cəzaçəkmə müddətinin başa çatması vaxtı ilə təxminən eyni dövrə düşür. Kurslara cəlb olunanlardan 110 nəfəri artıq peşə kurslarını uğurla başa vurub.