...

Bu il Bakının bütün təhsil müəssisələrində tədris prosesi vaxtından əvvəl bitəcək (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 20 Noyabr 2014 10:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

2015-ci ildə Bakıda I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində yerləşən bütün təhsil müəssisələrində tədris prosesi və imtahan sessiyası bu il mayın 31-nə qədər başa çatdırılacaq.

Trend-in əldə etdiyi məlumata görə, Təhsil Nazirliyi təhsil müəssisələrinə bu barədə təlimati məktubu göndərib.

Məktuba əsasən, ali məktəblərdə dərs sessiyalarının müddətində də dəyişiklik edilib. Məktubda qeyd olunur ki, 2014-2015-ci tədris ilinin payız dərs sessiyası dekabrın 28-də başa çatdırılmalıdır.

Qış imtahan sessiyası dekabrın 29-dan başlayaraq yanvarın 18-nə qədər bitməlidir. Tələbələr qış tətilinə yanvarın 19-dan 25-nə qədər buraxılacaqlar. Tədris ilinin yaz sessiyası yanvarın 26-dan mayın 9-na qədər keçiriləcək. Yay imtahan sessiyası mayın 11-dən 24-nə qədər davam edəcək.

Dövlət imtahanları isə mayın 25-dən 31-nə qədər baş tutacaq.

Təhsil Nazirliyinin KİV və QHT-lərlə iş sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq paytaxtda yerləşən bütün təhsil müəssisələrində təhsil prosesi və imtahan sessiyasının 2015-ci il mayın 31-dək başa çatdırılması təmin edilməlidir. Bu məqsədlə 2014/2015-ci tədris ili üçün Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsili müəssisələrində 15 həftəlik nəzəri təlim müddətinin vaxtını dəyişmədən imtahan sessiyalarına ayrılmış 5 həftənin 3 həftəyə qədər, qış tətili müddətinin 2 həftədən 1 həftəyə qədər, peşə-ixtisas təhsili müəssisələrində isə ikinci yarım il üçün nəzərdə tutulmuş təhsil müəddətinin 23 həftədən 21 həftəyədək azaldılması qərara alınıb.

Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti