...

Gəncə "ASAN xidmət"i: İnsanlar çox rahat və razıdırlar

Cəmiyyət Materials 27 Yanvar 2015 15:46 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə yaradılan “ASAN xidmət” mərkəzləri gündən-günə fəaliyyətini genişləndirir, dolğun və samballı iş nümunəsi ilə vətəndaşların etimadını qazanır.
Gəncə "ASAN xidmət"i: İnsanlar çox rahat və razıdırlar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə yaradılan "ASAN xidmət" mərkəzləri gündən-günə fəaliyyətini genişləndirir, dolğun və samballı iş nümunəsi ilə vətəndaşların etimadını qazanır.

Gəncə "ASAN xidmət" mərkəzi 2013-cü ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzdə Gəncə və ətraf rayonlar daxil olmaqla, gün ərzində 2 min vətəndaşa xidmət göstərilir. Fəaliyyətə başladığı gündən indiyədək mərkəzə müxtəlif məsələlərlə bağlı 500 mindən çox vətəndaş müraciət edib.

Gəncə "ASAN xidmət" mərkəzinin direktor müavini Altay Ələsgərov deyib: "Burada 120 nəfər işçi, 80 nəfərdən ibarət könüllü qrupu insanlara nümunəvi xidmət göstərir. "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti dövlət strukturlarına etimadın daha da yüksəldilməsini, şəffaflığın artırılmasını, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini və elektron xidmətlərdən daha geniş istifadə olunmasını təmin etməklə, insanları əlavə xərclərdən , vaxt itkisindən və bir sıra çətinliklərdən xilas edib. Mərkəzdə 10 dövlət qurumu tərəfindən 30-a yaxın xidmət göstərilir. Bundan başqa, vətəndaşların rahatlığının təmin edilməsi məqsədi ilə funksional yardımçı xidmətlər də göstərilir. Vətəndaşlar ən çox şəxsiyyət, sürücülük vəsiqələrinin, ümumi vətəndaş pasportunun alınması, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notarius məsələləri ilə bağlı müraciət edirlər. "ASAN xidmət" ölkəmizdə insanlara xidmət sahəsində köklü dəyişikliklər edib. Ortada isə bir ali məqsəd var - vətəndaş məmnunluğu. Hər gün mərkəzimizə böyük ümidlərlə üz tutan yüzlərlə insan ürəkdolu sevinclə bizdən ayrılır. Bu sevincin, fərəhin dəyəri yoxdur".

Bu gün ölkə başçısının diqqət və qayğısı, şəhər rəhbərliyinin genişmiqyaslı təşkilatçılığı ilə Gəncə sürətli inkişaf yolundadır. İnsanların firavanlığı və rahatlığı təmin edilib. Əldə olunan nailiyyətlər sırasında Gəncə "ASAN xidmət" mərkəzinin səmərəli və uğurlu fəaliyyəti şəhərin qaynar həyatına yeni ab-hava, yüksək əhvali-ruhiyyə gətirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti