...

Bakıda kollecin həbsdə olan işçilərinə hökm oxundu

Cəmiyyət Materials 28 Yanvar 2015 17:36 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin Bakı Dövlət Sosial İqtisad Kollecinin direktoru Mübariz Mahmudov, qiyabi şöbənin müdiri İlqar Əzizov, həmin şöbənin sabiq müdiri Əlixan Ağamirzəyev, şöbənin metodisti Şahin Mirzəmətov və sürücüsü Rafiq Yunusovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıda kollecin həbsdə olan işçilərinə hökm oxundu

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir Anar Əliyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin Bakı Dövlət Sosial İqtisad Kollecinin direktoru Mübariz Mahmudov, qiyabi şöbənin müdiri İlqar Əzizov, həmin şöbənin sabiq müdiri Əlixan Ağamirzəyev, şöbənin metodisti Şahin Mirzəmətov və sürücüsü Rafiq Yunusovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Əzizov və Ş.Mirzəmətova 4 il, R.Yunusova isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Dövlət Sosial İqtisad Kollecinin direktoru M.Mahmudov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunsa da, həbsdə olduğu zaman vəfat edib. Bu səbəbdən onun barəsində olan cinayət işinə xitam verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar kollecin tələbələrindən onlara xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 94 min 340 manat məbləğində rüşvət alıblar.

Bundan başqa, M.Mahmudov digər təqsirləndirilən şəxslərlə birlikdə əməkhaqqını nağdlaşdırıb götürməklə 6 min manat məbləğində pulu, həmçinin qabaqcadan əlbir olduğu "Turan X" MMC-nin direktoru Əliqulu Sadıqovla birlikdə onlara etibar edilmiş 20 min manat dəyərində əmlakı mənimsəmə və israf etmə yolu ilə talayıblar.

Habelə, M.Mahmudov kollecin baş mühasibi İranə Quliyeva ilə birlikdə 3 min manat məbləğində xeyli miqdar təşkil edən vergiləri ödəməkdən yayınmaqla yanaşı, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər.

M.Mahmudov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 213.1 (vergi ödəməkdən yayınma), 311.3.1, 311.3.3, 311.3.4 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), İ.Əzizov, Ş.Mirzəmətov və Ə.Ağamirzəyev həmin məcəllənin 311.3.1, 311.3.3, 311.3.4-cü, R.Yunusov 32.5, 311.3.1-ci, Ə.Sadıqov 179.3.2 və 313-cü, İ.Quliyeva isə 213.1 və 313-cü maddələri ilə ittiham ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti