...

Riqada Azərbaycanın elektron hökumət sahəsindəki təcrübəsi təqdir olunub (FOTO)

Cəmiyyət Materials 5 Mart 2015 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı və Estoniyanın "EIektron Hökumət Akademiyası" təşkilatının təşkilatçılığı ilə Riqada Azərbaycan, Latviya və Estoniyanın elektron hökumət sahəsində qazandığı uğurlara dair iki günlük seminar işinə başlayıb.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir Şuranın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycan və Estoniya: elektron hökumət sahəsində iki qabaqcıl ölkə" adlı layihə çərçivəsində təşkil olunub. Seminarda hər üç ölkənin elektron hökumət və informasiya texnologiyaları sahələri üzrə ekspertləri, müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər. Toplantını giriş sözü ilə açan Şura Katibliyinin Beynəlxalq əlaqələr departamentinin məsləhətçisi İlqar Dadaşov Şuranın fəaliyyəti və xarici ölkə QHT-ləri üçün qrant müsabiqəsi haqqında ətraflı məlumat verib.

İ.Dadaşov Şuranın Azərbaycanın son illər ərzində elektron hökumət sahəsində qazandığı uğurların Avropa ictimaiyyətinə təqdim edilməsi və digər ölkələrin təcrübələrinin öyrənilməsi məqsədilə "Elektron Hökumət Akademiyası" təşkilatının layihəsini dəstəklədiyini bildirib. Şuranın məsləhətçisi seminarın hər üç ölkənin elektron hökumət sahəsində gələcək inkişafına töhfə verəcəyinə inandığını deyib.

"Elektron Hökumət Akademiyası"nın təsisçisi İvar Tallo və Latviya İnformasiya və Kommunikasiya Texnologiyaları Assosiasiyasının nümayəndəsi Mara Yakobsone Estoniya və Latviyada elektron hökumət sahəsində əldə olunan təcrübədən danışıblar. Dəfələrlə ölkəmizdə səfərdə olduğunu qeyd edən İ.Tallo "ASAN xidmət" mərkəzlərinin unikallığı ilə seçildiyini və onların fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin əməkdaşı Nurlan Həmidli BMT-nin 2014-cü ildə apardığı təhlilə əsasən Elektron Hökumətin İnkişafı İndeksinin dünya üzrə orta göstəricisinin 0,47, Azərbaycanda isə 0,54 olduğunu vurğulayıb. Ölkəmizdə informasiya texnologiyaları və elektron hökumət sahəsində bir sıra mühüm sənədlərin qəbul edildiyini bildirən Dövlət Agentliyinin əməkdaşı 2015-2017-ci illəri əhatə edən yeni "Dövlət idarəçiliyində elektron xidmətlərin artırılması və "elektron hökumət"in inkişafı" adlı Dövlət Proqramının əhəmiyyətini xüsusi qeyd edib. Ölkəmizdə 408 elektron xidməti birləşdirən elektron hökumət portalının fəaliyyəti tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Seminarlarda Estoniya İqtisadiyyat və Kommunikasiya qurumunun elektron hökumət sahəsi üzrə məsləhətçisi Mayt Haydelberq və Latviyanın Ətraf Mühit və Reqional İnkişaf Nazirliyinin Elektron xidmətlər üzrə departamentinin rəhbəri Qatis Ozols təmsil etdikləri dövlət qurumlarının fəaliyyəti barədə məruzə ilə çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti