...

Aydın Mirzəzadə: İlk Avropa Oyunları antiazərbaycan qüvvələrinin planlarına böyük problem yaradır

Cəmiyyət Materials 13 Mart 2015 16:28 (UTC +04:00)
“Antiazərbaycan qüvvələrinin fəaliyyətində yeni bir mərhələ başlayır. Qarşıdan gələn ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi onların planlarına böyük problem yaradır”.
Aydın Mirzəzadə: İlk Avropa Oyunları antiazərbaycan qüvvələrinin planlarına böyük problem yaradır

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir Elçin Mehdiyev/

"Antiazərbaycan qüvvələrinin fəaliyyətində yeni bir mərhələ başlayır. Qarşıdan gələn ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi onların planlarına böyük problem yaradır". Bu barədə Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə "Freedom House" və bu qəbildən olan bir neçə beynəlxalq təşkilatın Azərbaycanda və Türkiyədə azad media və vətəndaş cəmiyyəti ilə bağlı keçirmək istədiyi tədbirə münasibət bildirərkən deyib.

A.Mirzəzadə qeyd edib ki, bir qayda olaraq bu qüvvələr Azərbaycanı beynəlxalq aləmdə mənfi rakursda təqdim etməyə çalışırdılar və olmayan prosesləri və ya halları da Azərbaycanın adına yazırdılar: "Hazırda Azərbaycanın həm daxili, həm də xarici siyasətdə qazandığı uğurlar, Azərbaycanın insan hüquqlarının qorunması istiqamətində atdığı addımlar bu gün dünya ictimaiyyəti tərəfindən qəbul edilir. Azərbaycan inkişaf edən, beynəlxalq birlikdə fəal iştirak edən bir ölkədir. Bu isə əlbəttə ki, Azərbaycanda xüsusi siyasi və iqtisadi maraqları olan xarici dairələri ciddi narahat edir".

Millət vəkili əlavə edib ki, digər tərəfdən, İslam ölkələrinin uğur qazanması, nüfuzlu bir ölkəyə çevrilməsi Avropada müəyyən dairələrin maraqlarına xidmət etmir: "Onlar İslam ölkələrini Liviya, Yəmən kimi, İslam ölkələrində İŞİD-in əl-qol açdığı İraq, Suriya variantını görməyə çalışırlar və yaxud vətəndaş müharibəsindən əziyyət çəkən ölkə kimi görməyə çalışırlar. Dünyada öz nüfuzunu qazanmış Türkiyə, dünya birliyində layiqli yerini tutan Azərbaycan isə onların marağında deyil. Harada İslama hörmət var, harada cəmiyyətdə sabitlik, vətəndaş həmrəyliyi var, bu onların maraqlarında deyil. Təbii ki, onların fəaliyyəti təəssüf doğurur, amma İslam ölkələri bunların nə demələrindən asılı olmayaraq öz inkişaflarına davam edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti