...

Bakıda təcili tibbi yardım stansiyalarına çağırışların sayı artıb

Cəmiyyət Materials 21 Mart 2015 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayında artım müşahidə edilir.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova Trend-ə deyib ki, bu il bayram günlərində təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayı adi günlərlə müqayisədə 5-6 faiz artıb. Ancaq bu artım ötənilki Novruz bayramı günləri ilə müqayisədə azdır. Ötən il bayram günlərində olan çağırışların sayı orta göstərici ilə müqayisədə təxminən 15-20 faiz cox olmuşdu.

Z.Vahidova bildirib ki, bayram günlərdə əsas çağırışlar qan təzyiqinin artması, ürək ağrısı, mədə-bağırsaq pozğunluğu və s. ilə əlaqədar olub. Adi günlərlə müqayisədə bayram günlərində xroniki xəstələrə və uşaqlara görə edilən çağırışların sayı da artıb. Bu artım, əsasən, poliklinikaların bayram günləri ərzində işləməməsi ilə bağlıdır: "Xroniki xəstələr adətən adi günlərdə özlərinin qida rejimlərinə daha diqqətli olsalar və pəhriz saxlasalar da, bayram günlərində bu pəhrizi pozurlar. Belə xəstələrin güclü enerjili qida olan şəkərbura, paxlava və digər şirniyyatları, müxtəlif çərəzlər yeməsi onların səhhətinə mənfi təsir göstərib".

Böyük həkim deyib ki, bu il bayram tonqalında yananların sayı da azalıb. İlaxır çərşənbə və Novruz bayramı günləri daxil olmaqla, ümumilikdə 6 nəfər tonqal ətrafında yanıb. Onların hamısının yanıq xəsarətləri yüngül olduğu üçün hadisə yerində ilkin tibbi yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti