Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda ötən il mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 2013-cü illə müqayisədə 5,7 faiz artaraq 181,0 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, gəlirlərin 64,7 faizi nömrələrin satışından, 23,8 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışından, qalan hissəsi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2014-cü ildə ölkədə mövcud olan 535 mehmanxana və mehmanxana tipli müəssisələrdə nömrələrin (otaqların) sayı 2013-cü illə müqayisədə 4,9 faiz artaraq 17363 vahid, birdəfəlik tutum isə 5 faiz artaraq 35652 çarpayı-yer olub. Birdəfəlik tutumun 11792-si Bakı şəhərində yerləşən mehmanxanalarda, 23860-ı isə ölkənin digər şəhər və rayonlarındakı mehmanxanalarda mövcuddur.
Mehmanxanaların 5 faizi dövlət, 95 faizi isə qeyri-dövlət müəssisələridir.