...

Azərbaycanın buz dövrünə aid nümunələri ABŞ muzeyində nümayiş etdirilə bilər

Cəmiyyət Materials 28 Aprel 2015 10:20 (UTC +04:00)
Binəqədidən tapılan buz (pleistosen) dövrünə aid fauna və flora qalıqları Los Anceles Təbiət Tarixi Muzeyində (LATTM) nümayiş etdirilə bilər.
Azərbaycanın buz dövrünə aid nümunələri ABŞ muzeyində nümayiş etdirilə bilər

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Binəqədidən tapılan buz (pleistosen) dövrünə aid fauna və flora qalıqları Los Anceles Təbiət Tarixi Muzeyində (LATTM) nümayiş etdirilə bilər.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutundan (GGİ) Trend-ə verilən məlumata görə, muzey rəhbərliyi bu barədə AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatova təklif edib. Təklifi qəbul edən Azərbaycan alimi AMEA-nın GGİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, elmi jurnalist Səid Hüseynovla birgə Los Ancelesin George C. Page Muzeyində olublar. GGİ rəhbərliyinin dəstəyi ilə baş tutan bir həftəlik səfər zamanı azərbaycanlı qonaqlar geoloji və paleontoloji baxımdan Binəqədi qır gölü ilə eyni xarakterə malik olan La Brea qır gölündə olublar. Buz dövründə hər iki ərazidə qır gölü olub. Bir çox qədim heyvan, hətta nəsli kəsilmiş yırtıcılar onu içməli su, üzərinə yapışıb qalmış canlılar isə asan yem mənbəyi hesab edib, min illərlə bu tələnin qurbanı olub. Yapışqan qır onların sümüklərini dövrümüzə qədər qoruyaraq saxlayıb. La Breanın maksimal yaşı 55 min il olduğu halda, Binəqədidəki tapıntılar 100-150 min il bundan əvvəlki dövrə aiddir.

Muzey rəsmiləri planlaşdırılan işlər çərçivəsində dünyanın müxtəlif ölkələrindən fauna və flora nümunələri, o cümlədən Binəqədidən tapılan skeletləri burada nümayiş etdirmək niyyətində olduqlarını deyiblər. T.Eybatov bunun AMEA və LATTM arasında müqavilə və ya proqram əsasında mümkün ola biləcəyini söyləyib.

Görüş zamanı ABŞ mütəxəssislərinin Binəqədiyə səfəri də nəzərdə tutulub. T.Eybatov LATTM ilə tanışlığı və əməkdaşlıq təklifini yüksək dəyərləndirib. Qeyd edib ki, bu əməkdaşlıq Bakının dənizkənarı bulvarında yeni binasının tikintisi nəzərdə tutulan H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin strukturunu və kolleksiyasını formalaşdırmaqda təcrübə baxımından faydalı ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti