...

"Xalq Əmanəti" Vəcihə Səmədovanın rəng dünyasında (FOTO)

Cəmiyyət Materials 22 May 2015 15:38 (UTC +04:00)
Layihənin sayca on ikinci nəşri görkəmli Azərbaycan rəssamı, Əməkdar incəsənət xadimi Vəcihə Səmədovaya həsr olunub.
"Xalq Əmanəti" Vəcihə Səmədovanın rəng dünyasında (FOTO)

Azərbaycan, Bakı, 22 may /Trend/

Xalq Bank həyata keçirdiyi "Xalq Əmanəti" layihəsində milli mədəniyyətimizin korifeylərinin yaradıcılığını işıqlandırmaqda davam edir. Layihənin sayca on ikinci nəşri görkəmli Azərbaycan rəssamı, Əməkdar incəsənət xadimi Vəcihə Səmədovaya həsr olunub.

Təqdim olunan "Rəngkarlıq və qrafika" bədii albomu unudulmaz fırça ustasının yaradıcılığının müxtəlif mərhələlərini ehtiva edir. Ötən əsrin 50-ci illərində öz bədii dili ilə novatorluğa imza atan sənətkar böyük koloristik qabiliyyəti, istedadının qüdrəti, üslubunun özəlliyi sayəsində uğur qazandı. Onun əsərlərinə məxsus rəng təravəti, kompozisiya quruluşunun orijinallığı dünyaya xüsusi baxışı əks etdirir. Rəssamın Azərbaycan təbiətinin əsrarəngiz inciləri - Göygöl, Kür, Kəpəz, Abşeron mənzərələri - müasirləri olan ağıllı, savadlı, özünə güvənən, iradəli, amma şərq qadınlarına məxsus ədəb, nəzakət, hətta utancaqlıq kimi xarakterik xüsusiyyətlərə malik qadınların gözəl portret qalereyası, kəndlilərin, zəhmətkeşlərin milli çalarlarla dolu həyatını əks etdirən tabloları, Bolqarıstan motivləri, avtoportretləri estetik və bədii dəyərə malik olan tamamlanmış təsviri sənət əsərləridir. Vəcihə Səmədova zaman baxımından qısa ömür sürsə də yaratdığı yüzlərlə əsəri, yetişdirdiyi bir neçə nəsil rəssam-şagirdləri, cəmiyyətə bəxş etdiyi istedadlı övladları ilə, Azərbaycan Rəssamlar İttifaqının onun adını daşıyan sərgi salonu ilə bu gün də Аzərbaycan rəngkarlığının pərəstişkarlarının qəlblərində yaşayır.

Layihə çərçivəsində Azərbaycanın böyük rəssam və şairlərinin həyat və yaradıcılığını əks etdirən bədii albomlar və poetik toplular işıq üzü görmüş, "Azərbaycan sikkələri" elmi-tarixi tədqiqat işi nəşr etdirilmişdir. Bankın Bakı və Gəncə şəhərlərində yerləşən sərgi salonlarında rəssamların sərgiləri təşkil edilmişdir. Bütün nəşr olunmuş kitablar hədiyyəlikdir və üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Bu illər ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev eləcə də Mahmud Tağıyev, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk və Qorxmaz Sücəddinovun əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilmişdir. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri" kitabı işıq üzü görmüşdür.

Rəssamın əsərlərinin ekspozisiyaları may ayının 23-dən avqust ayının 23-dək Xalq Bankın Baş Ofisində (Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L) və "Gəncə" filialında (Ünvan: Gəncə şəh., Zərrabi küç.4) fəaliyyət göstərəcək. Sərgini, iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti