Azərbaycan, Bakı, 18 iyun /Trend/
Dövlət Sosial Müdafiə Fondu (DSMF) elektron xidmətlərindən ən çox istifadə olunan dövlət qurumlarındandır.
DSMF may ayında "Elektron hökumət" portalı üzərindən elektron xidmətlərindən ən çox istifadə olunan dövlət qurumları arasında ilk yerlərdə qərarlaşıb.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məluymata görə, 2015-ci ilin may ayı ərzində Fondun rəsmi internet informasiya ehtiyatı, Elektron Hökumət və Hökumət Ödəniş Portalları üzərindən təqdim olunan elektron xidmətlər üzrə ümumilikdə 315 178 istifadə sayı qeydə alınıb. Həmin müddətdə Fondun ən çox istifadə olunan elektron xidmətləri sırasında "Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi", "Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi", "Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi" və "Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi" idmətləri yer alıb.
Göstərilən dövrdə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi üçün haqq-hesab cədvəllərinin təqdim olunmasına dair elektron xidmətlərdən istifadə sayının xüsusilə artmasında cari il ərzində DSMF tərəfindən həmin elektron xidmətlər üzrə sığortaedənlərlə keçirilən maarifləndirici görüşlərin, təqdimatların mühüm rolu olub.
Qeyd edək ki, son illərdə Azərbaycanın sığorta-pensiya sistemində qabaqcıl dünya təcrübəsinə uyğun avtomatlaşdırılmış infrastruktur və texnoloji baza qurulub, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi nəticəsində bütün mövcud proseslərin elektronlaşdırılması təmin edilib. Əhaliyə göstərilən xidmətlərin innovativ yeniliklər və müasir texnologiyalar əsasında səmərəli təşkili və davamlı təkmilləşdirilməsi DSMF üçün başlıca prioritet təşkil edir.
Fondun göstərdiyi elektron xidmətlər şəffaflığın artırılmasına şərait yaratmaqla yanaşı, vətəndaş-məmur münasibətlərində insan amilinin minimuma endirilməsinə hədəflənib. Sığorta-pensiya sistemində həyata keçirilən islahatlara uyğun olaraq Fond tərəfindən elektron xidmətlərin aktivləşdirilməsi və "Elektron hökumət" portalına inteqrasiya istiqamətində tədbirlər davam etdirilir.