...

13 saylı cəzaçəkmə müəssisəsindəki məhkumlar dərdlərini MPQ-nin üzvlərinə çatdırıblar

Cəmiyyət Materials 2 İyul 2015 17:07 (UTC +04:00)
Milli Preventiv Qrupun üzvləri 13 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçiriblər.
13 saylı cəzaçəkmə müəssisəsindəki məhkumlar dərdlərini MPQ-nin üzvlərinə çatdırıblar

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İlkin İzzət/

Milli Preventiv Qrupun üzvləri 13 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən tam gün ərzində başçəkmə həyata keçiriblər.

Başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı MPQ üzvləri tərəfindən müəssisə daxilində müxtəlif obyektlərdə 60-dan çox məhkum fərdi qaydada dinlənilib, habelə 12 nəfər öz xahişi ilə təkbətək qəbul edilib, söhbətlər aparılıb və bəzi müraciətlər yerində araşdırılıb.

Məhkumlara hüquqları, əfvlə bağlı müvafiq qanunvericiliyin tələbləri, ombudsmanın səlahiyyətləri izah edilib, onlara qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Habelə CÇM-in mətbəx, ərzaq anbarı, yeməkxana və yataqxanalarına, tibb-sanitar hissəsinə, cərimə təcridxanasına, karantin, görüş və istirahət yerlərinə və digər obyektlərə baxışlar keçirilib, mövcud vəziyyət araşdırılıb.

Başçəkmə çərçivəsində Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və "Cəzaçəkmə müəssisələrinin daxili intizam Qaydaları"na müvafiq şəkildə müəssisə rəhbərliyinə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti