...

Gəncədə Mətbuat Evi istifadəyə verilib (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 4 İyul 2015 21:37 (UTC +04:00)
Gəncədə milli mətbuatımızın 140 illiyi ərəfəsində yeni Mətbuat Evi istifadəyə verilib.
Gəncədə Mətbuat Evi istifadəyə verilib (ƏLAVƏ OLUNUB) (FOTO)

İlk xəbər 16:28-də yayılıb

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Gəncədə milli mətbuatımızın 140 illiyi ərəfəsində yeni Mətbuat Evi istifadəyə verilib.

Trend-in məlumatına görə, tədbir iştirakçıları əvvəlcə şəhərin baş meydanında ümummili lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra inşasına 2012-ci ildə başlanılan Mətbuat Evinin açılışı olub.

Sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda regional konfrans işə başlayıb. Milli mətbuatın yaranmasının 140-cı ildönümünə həsr olunmuş regional tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehtiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "Azərmətbuatyayımı" ASC-nin sədri Süleyman Salmanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatı Aqil Abbas, yerli qəzetlərin, habelə Bakıda fəaliyyət göstərən 30-dək qəzetin baş redaktorları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin abidəsini ehtiramla yad edərək önünə gül dəstələri qoyublar. Bundan sonra tədbir iştirakçıları, "Azərmətbuatyayım" ASC-nin, Gəncə Mətbuat Evinin açılışında iştirak etdilər. Mətbuat evinin qırmızı lenti kəsildikdən sonra qonaqlar burada yaradılmış şəraitlə tanış oldular. Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Heydər Əliyev Mərkəzində keçirilən konfransı giriş sözüylə açan Elmar Vəliyev qonaqları salamladıqdan sonra Milli mətbuatın qarşıdan gələn 140 illik yubileyi münasibətilə onları təbrik etdi. E. Vəliyev bildirdi ki, mətbuatın 125 illik yubileyinin keçirilməsi 2007-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilib.

"Milli mətbuatın yaranmasının il dönümləri Ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab prezident İlham Əliyev tərəfindən davam etdirilir. 2013-cü ildə İlham Əliyevin sərəncamı ilə Milli Mətbuatın 135 illiyi yüksək səviyyədə qeyd olundu. Bu Azərbaycan mətbuatına dövlət qayğısından xəbər verirdi. Cənab prezident 2015-ci ildə mətbuatın 140 illik yubileyinin bütün bölgələrdə təntənəli sürətdə qeyd olunmasıyla bağlı sərəncam verib. Bu gün Gəncədə də biz Mətbuat evinin açılışını etdik. Gəncədə Mətbuat evinin tikilməsi heç də təsadüfi deyildi. Bu azad mətbuatın fəaliyyətinə dövlət başçısının göstərdiyi qayğının davamı idi. Bu münasibətlə özümüzü və sizi təbrik edirik Qeyd edim ki, Gəncə Mətbuat Evinin tikintisinə 2011-ci ildə başlanılıb. 4 mərtəbədən ibarət olan mətbuat evinin birinci mərtəbəsində konfrans keçirmək üçün zal, 2-3 cü mərtəbələrdə jurnalistlərin fəaliyyət göstərmələri üçün otaqlar, 4-cü mərtəbədə isə Gəncəyə ezam olunan mətbuat orqanların gecələmələri üçün xüsusi otaqlar yaradılıb. Mən sizi Milli Mətbuatın yaranmasının 140 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Şərəfli işinizdə uğurlar müvəffəqqiyyətlər diləyirəm. Hörmətli qonaqlar bildiyiniz kimi bu il ölkə başçısının sərəncamı ilə Milli Mətbuatımızın yubiley mərasimləri keçirilir. Prezident Adminstrasiyası KİVDF və Mətbuat Şurası birgə regionlarda yubiley törənləri keçirir. 140 illik yubileyin qeyd olunması təqdirəlayiq haldır. Gəncədə regional telekanallar və jurnalistlər fəaliyyət göstərir. Bu Mətbuat Evi onların rahat şəraitinə imkan yaradacaq. Qeyd edim ki, Gəncədə fəaliyyət göstərən jurnalistlərə ölkə başçısının qayğısının davamı olaraq torpaq sahələri ayrılıb. Gələcəkdə imkan daxilində ev verilməsi məsələsinə də baxıla bilər."

Daha sonra konfransda çıxış üçün söz Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehtiyevə verildi. Ə. Mehtiyev Azərbaycan mətbuatının keçdiyi şərəfli yoldan danışaraq, mətbuatın bugünki inkişafından söz açdı.

"Azərbaycan mətbuatı yarandığı gündən ölkənin maraqlarını müdafiə edib, cəmiyyətdəki problemləri özündə əks etdirib. Bu gün ənənəsi "Əkinçi" qəzeti tərəfindən qoyulan milli mətbuatımız üzərinə düşən işi şərəflə yerinə yetirir."

Bundan sonra isə Azərbaycan Mətbuat şurasının sədri Əflatun Amaşova çıxış etdi. Ə. Amaşov da Gəncədə Mətbuat Evinin istifadəyə verilməsini yüksək qiymətləndirdiyini, bu şəhərdə fəaliyyət göstərən jurnalistlərə yaradılan şəraitin yüksək olduğunu söylədi.

" Öncə xatırladım ki mətbuatla bağlı tədbirlər Elmar Vəliyev Yevlaxda başçı olduğu dövrlərdə də yüksək səviyyədə keçirilib. Bu gün daha yubiley tədbirinin Gəncədə keçirilməsi bu şəhərdə söz adalığına şərait yaradılmasından xəbər verir."

Əflatun Amaşov dövlətin mətbuata göstərdiyi qayğı sayəsində jurnalistlərin peşəkarlığının gündən-günə daha da artdığını diqqətə çatdırıb. Ə. Amaşov Gəncə şəhərindəki abadlıq-quruculuq işlərinin də mətbuatın diqqətindən yayınmamasını da söyləyib.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Azərbaycanda jurnalistlərə yaradılan şəraitdən danışaraq qeyd edib ki, dünyanın heç bir yerində mətbuat işçiləri dövlət tərəfindən evlə təmin edilmir. Lakin Azərbaycanda 2013-cü ildə jurnalistlərə hər bir şəraitlə təchiz edilən evlərin verildiyini bildirən V. Səfərli qeyd edib ki, gələn il yeni tikilən binanın 255 mənzili də mətbuat işçilərinə təqdim ediləcək.

Daha sonra V. Səfərli dövlət qayğısı nəticəsində ayrılan vəsait hesabına jurnalistlərin peşəkarlığının artdığını da qeyd etdi.

Konfransda paytaxt və bölgələrdə fəaliyyət göstərən qəzet redaktorları və rayon icra hakimiyyəti aparatlarının nümayəndələri də çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti