Azərbaycan, Bakı, 12 avqust /Trend/
Şəki Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama yerində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən monitorinq aparılıb. Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Şəki Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər.
Başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa və Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
Başçəkmə zamanı MPQ üzvləri tərəfindən həmin müəssisədə saxlanılan doqquz nəfər şəxslə fərdi qaydada qəbul edilib, onlarla təkbətək söhbətlər aparılıb.
MSY-də saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilib. Habelə müəssisədə saxlama şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin aparıldığı müşahidə olunub.
Həmin müəssisənin rəhbərliyinə müvafiq qanunvericiliyə, o cümlədən Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə sənədləşmənin təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılıması ilə bağlı müvafiq tövsiyələr verilib.