...

Misirin fəxri - 6 dil bilən azərbaycanlı uşaq (FOTO)

Cəmiyyət Materials 19 Avqust 2015 14:52 (UTC +04:00)
Azərbaycanlıların son illərdə diaspor fəaliyyətində daha çox aktiv olmaları, istedadlı, savadlı və bacarıqlı gənclərimizin xarici ölkələrdən xoş xəbərlərinin gəlməsi haqqında xeyli sayda məlumatlar gəlməkdədir.
Misirin fəxri - 6 dil bilən azərbaycanlı uşaq (FOTO)

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Azərbaycanlıların son illərdə diaspor fəaliyyətində daha çox aktiv olmaları, istedadlı, savadlı və bacarıqlı gənclərimizin xarici ölkələrdən xoş xəbərlərinin gəlməsi haqqında xeyli sayda məlumatlar gəlməkdədir. Bu günlərdə bu xəbərlər arasında daha çox diqqət çəkəni isə Misirdə yaşayan bir azərbaycanlı uşağın uğurları haqqında əldə etdiyimiz məlumatdır.

Trend-in məlumatına görə, atası misirli, anası isə azərbaycanlı olan Sandi çox istedadlıdır. O, 6 dil bilir, musiqi təhsili var və pianoda klassiklərin əsərlərini ifa etməyi bacarır (bir sıra musiqi yarışlarında mükafatlar alıb), üzgüçülük üzrə Misirdə mükafatlar qazanıb.

Bir çox bacarıqları ilə seçilən Sandi Salim haqqında məlumat verən anası Sədaqət Əli Əşrəf deyir ki, Sandi Misirdə yerləşən bir sıra səfirliklərdə keçirilən tədbirlərə dəvət alır. Sandi bacarıq və istedadına görə, artıq uşaq yaşından Qahirədə diqqət mərkəzinə düşə bilib: "O, Misirdə təşkil olunan Azərbaycanla bağlı tədbirlərdə iştirak edir. Türkiyənin, Çinin və digər ölkələrin Misirdəki səfirlərindən mükafatlar da alıb. Bütün bunlar onun istedad və bacarıqlarına görədir. Hər sahədə aktivdir. Azərbaycan rəqslərini səfirliklərin tədbirlərində ifa edir. Üzgüçülük üzrə isə Misirdə keçirilən yarışlarda dəfələrlə mükafatçılar sırasında yer alıb. Sandi 6-cı sinfə keçir və Misirdə deyirlər ki, bu yaşda 6 dil bilməsi, eyni vaxtda bir neçə sahədə uğurları sıralaması bu uşağın vunderkind olmasından xəbər verir. Getdiyi bütün tədbirlərdə o Azərbaycan bayrağını hər zaman əlində tutur. Məni də ən çox sevindirən budur. Sandi haqqında dəfələrlə Misir mətbuatı yazsa da, çox istərdim bu istedadlı uşaq barəsində Azərbaycan mətbuatı da məlumatlı olsun. "Diplomatiya", "Alaadin" uşaq jurnalı və digər Misir mətbu orqanlarında onun haqqında məqalələr çap olunub. Təkcə üzgüçülük və musiqi yarışları deyil, Misirdə rəsm üzrə müsabiqədə birinci yerə çıxmasından sonra o rəsmə də böyük maraq göstərib. Sandi hazırda qumla rəsm çəkməyi öyrənir. Onda bu maraq Azərbaycanda keçirilən İlk Avropa Oyunlarının bağlanış mərasimində olan göstəridən sonra daha da artdı".

Qeyd edək ki, Sandi İngiltərənin "Royal Music" Akademiyasının Misirdəki filialını bitirib. Hazırda piano üzrə magistraturada oxuyur. 6 dil - Azərbaycan, ərəb, rus, ingilis, fransız və türk dillərində sərbəst danışan Sandi yeni dil öyrənəcəyini deyir və gələcəkdə həkim olmaq istəyir. O, gələcəkdə Azərbaycanda yaşamaq və öz istedad və bacarıqları ilə Azərbaycandan parlamağı arzu edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti