...

Sürüşmə Avtovağzal Kompleksində gediş-gəlişə mane olur? - RƏSMİ MÖVQE

Cəmiyyət Materials 7 Oktyabr 2015 16:43 (UTC +04:00)
Bakı Avtovağzal Kompleksinin qarşısında baş verən sürüşmə, çökmə ərazisinin əhatə dairəsi genişlənə bilər.
Sürüşmə Avtovağzal Kompleksində gediş-gəlişə mane olur? - RƏSMİ MÖVQE

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bakı Avtovağzal Kompleksinin qarşısında baş verən sürüşmə, çökmənin əhatə dairəsi genişlənə bilər.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev bildirib.

Onun sözlərinə görə, Sumqayıtdan Bakıya gələn istiqamətdə - Avtovağzala daxil olan artırma yolda eni 30 sm olan böyük çatlar əmələ gəlib, yolun ortasından Avtovağzal istiqamətində qeyri-bərabər çökmə, batma, oturma, istinad divarında əyilmə baş verib. Bəzi sahələrdə sürüşmənin dərinliyi 40-50 sm-dir.

Ə.Piriyev əlavə edib ki, əgər yağış yağarsa, sürüşmə, çökmə ərazilərinin sahəsinin böyüyəcəyi ehimal edilir. Hadisənin ilkin səbəbinin isə həmin yerə yaxın ərazidə suvarılma işlərinin aparılması, atmosfer çöküntülərinin artıq olması güman edilir.

Nazirlik rəsmisinin sözlərinə görə, əvvəllər həmin ərazidə müəyyən problemlər olub, lakin əlavə təsirlər ərazidə qeyd edilən hadisənin baş verməsinə səbəb olub.

Ə.Piriyev hazırda Sumqayıt istiqamətindən Bakıya doğru nəqliyyat vasitələrinin hərəkətində problemin yaranmadığını da bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti