Azərbaycan, Bakı, 12 oktyabr /Trend/
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 9-cu Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisinin "Best Performance" sertifikatına layiq görülüb. Mükafat universitetə sərgidə ən yaxşı təqdimata görə verilib.
Universitetdən Trend-ə verilən məlumata görə, dünyanın 16 ölkəsindən 130-dan çox ali təhsil müəssisəsinin qatıldığı sərgidə UNEC "Best Performance" sertifikatına layiq görülən yeganə universitetdir.
UNEC sərgidə, əsasən, dörd yeni təqdimatla diqqəti çəkib - London Universiteti / London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr proqramı, ikili diplom proqramları, Beynəlxalq İqtisadiyyat Məktəbi və elektron universitet layihəsi. UNEC-in Mevlana və Erasmus+ proqramları, təkrar ali təhsil, yenidənhazırlanma təhsil və əcnəbilərin qəbulu prosesində elektron qaydaların tətbiqi, 4 dildə tədris imkanlarının olması, 21 ixtisas üzrə təhsil, MBA proqramı, Karyera Mərkəzinin fəaliyyəti, korporativ sektorla geniş əlaqə, məzun yarmarkalarının keçirilməsi sərgi iştirakçılarının marağına səbəb olub.
Qeyd edək ki, 2014-cü ildə keçirilən 8-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisində UNEC-in stendi dolğun informasiyanın əks olunması və xarici görünüşünə görə "Ən Yaxşı Universitet Təqdimatı" sertifikatına layiq görülmüşdü.