...

Gənclərin regionlarda işləməsi üçün yeni təkliflər var

Cəmiyyət Materials 19 Oktyabr 2015 20:42 (UTC +04:00)
Azərbaycan gənclərinin regionlarda işləməyə marağını artırmaq üçün yeni təkliflər irəli sürülür.
Gənclərin regionlarda işləməsi üçün yeni təkliflər var

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan gənclərinin regionlarda işləməyə marağını artırmaq üçün yeni təkliflər irəli sürülür.

Milli Məclisin deputatı Musa Quliyev Trend-ə bildirib ki, bu gün gənclərin işlə təminatının stimullaşdırılması üçün sırf onlara yönəlmiş əlavə tədbirlərin keçirilməsinə zərurət var: "Bu tədbirlər urbanizasiya proseslərinə də müsbət təsir göstərər, gənclərin Bakıya, Gəncəyə və digər iri şəhərlərə axınının qarşısını alar".

Deputatın sözlərinə görə, "Məşğulluq haqqında" qanuna əsasən, müəssisələrdə işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə əmək kvotası tətbiq edilir ki, bu kvota yeni işə başlayan gənclərə də şamil olunur.

M.Quliyev təklif edir ki, bu kvotanı artırmaq, yaxud regionlardakı eyni kateqoriyalı işlə şəhər yerlərindəki eyni kateqoriyalı iş arasında maaş fərqi yaratmaq şərtilə gəncləri regionlarda işləmək üçün stimullaşdırmaq olar.

O, hesab edir ki, regionlarda insanların məşğulluğunun təmin olunması üçün onların işini də stimullaşdırmaq lazımdır: "Ya onlara müəyyən subsidiyalar, iş yeri yaratmaq üçün kiçik, orta məbləğli kreditlər vermək, ya da kiçik sahibkarlığa vergi güzəştləri tətbiq etmək olar. Hazırda hökumətdə kiçik və orta sahibkarlığa dəstəyin daha da artırılması məqsədilə yeni vergi rejiminin tətbiqi barədə qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı müzakirələr aparılır. Yaxın vaxtlarda biz bunun şahidi olacağıq".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə Trend-ə bildirib ki, regionlarda işləmək istəyən gənclər üçün əlavə güzəştlər tətbiq edilsə, onlar bölgələrdə işləməyə daha maraqlı olarlar.

Nazir müavini qeyd edib ki, gənclərin regionlarda əmək fəaliyyəti ilə məşğul olması üçün stimullaşdırıcı tədbirlərin görülməsi məsələsi müxtəlif sənədlərdə öz əksini tapıb: "Bu, gələcəkdə daha da təkmilləşdirilə bilər. Gənc mütəxəssislər regionlara gedirlərsə, onlara sosial-iqtisadi baxımdan əlavə imtiyaz və güzəştlər edilə bilər ki, onlar regionlarda işləməyə, regionlarda müxtəlif sahələrdə çalışmağa meyilli olsunlar".

İ.Babayev deyib ki, hazırda nazirlik bəzi gənclərin əmək bazarında özlərinə yer tapa bilməsi üçün müəyyən təlimlər keçirir: "Biz yalnız sahibkarlıqla məşğul olmaq istəyən gənclər üçün müvafiq nazirliklə birlikdə təlim kursları keçiririk. Gənclərimizi təlimatlandırırıq ki, onlar əmək bazarında özlərinə yer tapa bilsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti