...

Dövlət Sosial Təminat Xidməti 9 ayın yekunlarını açıqladı (FOTO)

Cəmiyyət Materials 22 Oktyabr 2015 13:14 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən cari ilin 9 ayında görülən işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib.
Dövlət Sosial Təminat Xidməti 9 ayın yekunlarını açıqladı (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən cari ilin 9 ayında görülən işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov Prezident cənab İlham Əliyevin sosial sahəyə diqqət və qayğısının sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasına şərait yaratdığını, cari ilin 9 ayı ərzində bu sahədə müvafiq tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Nazir müavini hesabat dövründə ölkəmizdə davamlı makroiqtisadi inkişafın əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə müşahidə olunduğunu qeyd edərək, bu sahədə görülən işlərdən bəhs edib.

Hesabat məruzəsi ilə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib ki, cari ilin ötən dövründə mühüm sosial proqramlardan biri olan ünvanlı dövlət sosial yardımı proqramının icrası işləri uğurla davam etdirilib. Bu yardımların təyinatında şəffaflığın və ünvanlılığın təmin olunmasına ciddi nəzarətin həyata keçirilməsi nəticəsində ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı cari ilin 9 ayında 22900 ailə (99636 nəfər ailə üzvü) və ya 16,7 faiz azalıb. Hazırda 498410 nəfər ailə üzvü əhatə edən 114050 ailəyə hər ay orta hesabla 153 manat ünvanlı sosial yardım ödənilir.

Prezidentin 23 fevral 2015-ci il tarixli fərmanının icrası işlərindən bəhs edən Ç.Əliyev bildirib ki, ölkəmizdə ünvanlı dövlət sosial yardımı sisteminin elektron əsaslar üzərində avtomatlaşdırılmış infrastrukturu artıq hazırdır və mükəmməl proqram təminatları əsasında qurulan bu elektron sistem sınaq testləri əsasında təkmilləşdirilir. Vətəndaşların ünvanlı yardımla bağlı elektron şəkildə edəcəkləri müraciətlərə baxılması üçün onlara dair müvafiq məlumatların əldə olunması üçün digər aidiyyəti qurumlar tərəfindən müvafiq informasiya resurslarının "Elektron hökumət" portalında yerləşdirilməsi işləri aparılır.

Xidmət rəisi bildirib ki, Prezidentin 2014-cü il 20 iyun tarixli sərəncamına uyğun olaraq müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri də uğurla yerinə yetirilir. Cari ilin ötən dövründə ölkəmizin bölgələrində tikilən 375 fərdi yaşayış evindən inşası yekunlaşan evlərin, habelə ayrı-ayrı şəhərlərdə hazır yaşayış binalarından alınaraq təmir etdirilən mənzillərdən təmiri başa çatanların istifadəyə verilməsinə başlanılıb. Habelə Tərtər rayonunda 54 mənzilli yaşayış binası həmin insanlara təqdim olunub. Yəni bu ilin ötən dövründə artıq 150-dən çox müharibə əlili və şəhid ailəsi yeni mənzillə təmin olunub. Bu istiqamətdə işlər davam etdirilməklə, Bakı şəhərində, İmişli, Beyləqan və Şamaxı rayonlarında müharibə əlilləri və şəhid ailələri üçün çoxmənzilli yaşayış binaları da inşa olunur: "Müharibə əlilləri və onlara bərabər tutulanların minik avtomobilləri ilə təminatında mühüm addımlar atılır. Son bir ayda bu kateqoriyalardan olan daha 300 nəfərə minik avtomobili verilib. Ümumilikdə indiyədək dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunan 5650 nəfər imtiyazlı şəxsin 32,4%-nə, yəni 1833 nəfərinə keçən il və cari ilin ötən dövründə avtomobil təqdim edilib".

Ç.Əliyev cari ilin 9 ayı ərzində respublika əhalisinin 4,4 faizinin, yəni 427284 nəfərin aylıq və sosial müavinətlə təmin olunduqlarını, onlardan 344070 nəfərinə (80,5%) aylıq, 83214 nəfərinə (19,5) isə birdəfəlik sosial müavinət ödənildiyini bildirib: "Qeyd olunan dövrdə ölkədə 53962 nəfərə Azərbaycan Prezidentinin aylıq təqaüdləri ödənilib. Ümumilikdə hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə aylıq və birdəfəlik sosial müavinət alanların sayı 6039 nəfər (1,4%), Prezidentin aylıq təqaüdləri ilə təmin olunanların sayı isə 3066 nəfər (6%) artıb. Ümumiyyətlə, cari ilin 9 ayında sosial müavinət və təqaüdlərin, kompensasiyaların ödənilməsinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 milyon manat və ya 4% çox vəsait yönəldilib".

Xidmət rəisi bildirib ki, "2015-ci il ücün əlillərin və sağlam imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqram"ı cərcivəsində cari ilin yanvar-sentyabr aylarında sosial müdafiəyə daha çox ehtiyacı olan 400 nəfər əlilliyi olan şəxsə sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə birdəfəlik maddi yardımlar verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 63 nəfər və ya 18,7 % çoxdur: "Hesabat dövründə 14 nəfər əlilliyi olan şəxsin respublika daxilində müalicəsinə, 39 nəfər əlilliyi olan şəxsin respublikadan kənar müalicəyə göndərilməsinə birdəfəlik maddi yardım formasında köməklik göstərilib. 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar 112 nəfər 20 Yanvar şəhidinin ailəsinə, 316 nəfər 20 Yanvar əlilinə, Çernobıl AES-də baş vermiş qəzanın 29-cu ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərkən əlil olmuş 486 nəfər şəxsə, 15 Sentyabr - Bilik günü ərəfəsində sağlamlıq imkanları məhdud iki və daha artıq məktəbli üzvü olan 1492 ailədəki 3117 uşağa görə həmin ailələrə birdəfəlik maddi yardım ödənilib. Ümumilikdə bu dövrdə 4484 nəfərə yaxın əlilliyi olan şəxs və şəhid ailəsi birdəfəlik maddi yardımla təmin edilib. Həmçinin imtiyazlı şəxslərə ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 faiz çox, yəni 2526 ədəd sanator-kurort putyovkası (yollayışı) verilib, 1005 nəfər əlilliyi olan şəxsin sağlamlıq-istirahət mərkəzlərində istirahəti təşkil olunub. Eyni zamanda, cari ilin ötən dövründə keçən illə müqayisədə 52,1 faiz çox, yəni 245 nəfərin, o cümlədən 115 nəfər əlilliyi olan şəxsin və valideynlərindən birinin müşaiyəti ilə 130 nəfər sağlamlıq imkanları məhdud uşağın xaricə bərpa müalicəsinə göndərilməsi, Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində ixtisaslaşmış bərpa müalicə kursu keçməsi təşkil olunub"

Ç.Əliyev hazırda Xidmətin tabeliyindəki sosial xidmət müəssisələrində 1072 nəfərin tam dövlət təminatında yaşadıqlarını, 12424 nəfər tənha ahıl və əlil şəxsin evlərində səyyar formada sosial xidmətlə təmin edildiklərini bildirib: "Bu ilin 9 ayında 275 nəfər sağlamlıq imkanları məhdud gənc Xidmətin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə peşə hazırlığına cəlb olunub. Hazırda mərkəzdə 124 nəfər kurs keçir. Nazirliyin sosial sifarişləri üzrə ixtisaslaşdırılmış 18 QHT tərəfindən 29 layihə icra olunur. Bu layihələr çərçivəsində sosial cəhətdən həssas qruplarla bağlı bir sıra tədbirlər həyata keçirilməklə bərabər, müvafiq kateqoriyalardan olan 1500 nəfər uşağa və ailələrinə ehtiyac duyduqları reabilitasiya yönümlü sosial xidmətlər göstərilir".

Digər sahələrdə görülən tədbirləri də diqqətə çatdıran Ç.Əliyev cari ilin noyabr ayında keçiriləcək Əlillərin IX Ümumrespublika Yaradıcılıq- Sərgi Müsabiqəsinin yüksək səviyyədə təşkili üçün məqsədyönlü işlərin aparıldığını vurğulayıb. İclasda cari ilin 9 ayında sosial cəhətdən həssas qrupların təminatının gücləndirilməsi, əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi üçün görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Müsbət göstəricilər qeyd olunmaqla yanaşı, nöqsanlardan da bəhs olunub, fəaliyyətində nöqsanlara yol verən əməkdaşlarla bağlı inzibati tənbeh tədbirlərinin görülməsi barədə qərarlar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti