...

Dəmir yoluna yaxın qeyri-qanuni tikililərin aqibəti necə olacaq?

Cəmiyyət Materials 27 Oktyabr 2015 14:42 (UTC +04:00)
Bakı-Sumqayıt qatarının keçdiyi ərazilərə yaxın yerləşən tikililərin sayı Nazirlər Kabinetinə göndərilib.
Dəmir yoluna yaxın qeyri-qanuni tikililərin aqibəti necə olacaq?

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakı-Sumqayıt qatarının keçdiyi ərazilərə yaxın yerləşən tikililərin sayı Nazirlər Kabinetinə göndərilib. Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Bakı-Sumqayıt qatarının keçdiyi ərazilərə yaxın evlərin sökülməsi məsələsinə münasibət bildirərkən deyib.

Dəmir yoluna yaxın yerləşən tikililərin qatarların sürətinə maneçilik yaratdığını deyən qurum rəsmisi qeyd edib ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı məlumatlandırılıb: "Hələ də dəmir yollarına yaxın yerlərdə tikinti işləri aparılır. Söküntü işləri bizim səlahiyyətimizə aid məsələ deyil. Biz sadəcə, dəmir yoluna yaxın yerlərdə yerləşən tikililərin qatarların işinə problem yaratdığı barədə məlumat verə bilirik. Ümumilikdə, dəmir yolu təhkim zolağında 2840 qeyri-qanuni tikili var. Bunun 2304-ü yaşayış, digərləri isə qeyri-yaşayış tikililəridir. Bu barədə sənədlər Nəqliyyat Nazirliyindən Nazirlər Kabinetinə göndərilib. Hələ də dəmir yoluna yaxın yerlərdə vətəndaşlar evlər tikməyə davam edirlər".

Dəmir yolu qaydalarından danışan N.Əzməmmədov qeyd edib ki, qatarların keçdiyi ərazilərdə piyada keçidlərinə ehtiyac var: "Sakinlər qatarların işinə böyük problemlər yaradırlar. Çünki hər dəfə qatar gələndə ya yolun üstünə çıxırlar, ya da dəmir yolunu keçərkən maşinistin məcburən sürəti azaltmasına səbəb olurlar. Bu isə qatarın qrafikinə təsirsiz ötüşmür. Qatarın keçdiyi yerdə yeraltı keçid olmalıdır. Bu da olmasa, həmin yerlərə işarələr qoyulmalıdır ki, o yerlərdən yolu keçməyin mümkün olub-olmaması bilinsin. Bu barədə sakinlər artıq bizə müraciətlər edirlər. Hazırda bu istiqamətdə işlər aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti