...

Bilik Fondu gənc seçiciləri maarifləndirir (FOTO)

Cəmiyyət Materials 29 Oktyabr 2015 15:15 (UTC +04:00)
Bu gün Azərbaycan vətəndaşı seçki ərəfəsindədir. Seçki hüququ vətəndaşların dövlət orqanlarının təşkilinə birbaşa təsirini təmin edən, dövlət hakimiyyətini legitimləşdirən əsas hüquqdur.
Bilik Fondu gənc seçiciləri maarifləndirir (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Bu gün Azərbaycan vətəndaşı seçki ərəfəsindədir. Seçki hüququ vətəndaşların dövlət orqanlarının təşkilinə birbaşa təsirini təmin edən, dövlət hakimiyyətini legitimləşdirən əsas hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasında seçki hüququnu müəyyən edən xüsusi maddə var - Konstitusiyanın 56-cı maddəsində Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorunun məlumatına görə, özünü sosial varlıq kimi dərk edən hər bir vətəndaş seçki hüququndan istifadə etməklə fəal mövqeyini sərgiləyir, cəmiyyətdə gedən proseslərə qatıldığını, söz sahibi olduğunu vurğulayır.

Noyabrın 1-də keçiriləcək parlament seçkilərində ilk dəfə səs verəcək gənclərin sayı 63 min 555 nəfərdir. Bu il 17 yaşı tamam olan gənclər ilk dəfə parlament seçkisində iştirak edəcək, ölkədə gedən irimiqyaslı proseslərə qoşularaq cəmiyyətin ictimai-siyasi həyatına töhfə verəcəklər.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Mərkəzi Seçki Komissiyası ilə birgə seçicilər arasında silsilə maarifləndirmə tədbirləri həyata keçirib. Xüsusilə, ilk dəfə səs verəcək gənclərə vətəndaşın seçki hüquqları, sesvermə prinsipi barədə geniş məlumat verilib.

Qax və Oğuz rayonlarında yeni yaradılan, elmi biliklər və peşə vərdişləri üzrə hazırlıq kurslarının fəaliyyət göstərdiyi Bilik Evlərində keçirilmiş maarifləndirici tədbirlər xüsusi maraqla qarşılanıb.

Azərbaycan Müəllimlər İnstitutunda, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində, Bakı Slavyan Universitetində, Bakı Biznes Universitetində və Abşeron rayonu Heydər Əliyev Mərkəzində keçirilən silsilə tədbirlərdə gənclərə həlledici məqamda səsvermə hüquqlarından yararlanmağın nə qədər vacib olduğu izah edilib.

Mərkəzi Seçki Komissiyası katibliyinin hüquq şöbəsinin baş məsləhətçisi İlkin Şahbazov, AMEA-nın İnsan Hüquqları İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Aqil Vəliyev, Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi İlham Soltanov, Dövlət İdarəçilik Akademiyası Dövlət quruculuğu və hüquq kafedrasının müdiri Fəxrəddin Nağıyev Bilik Fondunun təşkil etdiyi görüşlərdə müasir demokratik cəmiyyət üçün vacib dəyərlərdən biri hesab olunan seçki hüququ barədə danışıblar. Şəffaf və demokratik seçkilərin ölkənin siyasi və ictimai həyatında əhəmiyyətini vurğulayan mütəxəssislər gəncləri öz seçki hüququndan fəal istifadə etməyə çağırıblar.

İlk dəfə səs verəcək gənclərə səsvermənin texniki tərəfləri, prosesin detalları izah edilib. Seçkidə iştirakın ilk növbədə hər bir gəncin vətəndaşlıq borcu olduğu vurğulanıb.

Mütəxəssislər gənclərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti