Bakı. Trend:
Sosial məsuliyyət mövzusunda iş adamı ilə bu günkü müsahibəmiz bir qədər qeyri-adi olacaq. Bu müsahibənin fərqi ondan ibarətdir ki, söhbətimiz adi sosial yönümlü layihələrdən deyil, məhz Azərbaycanın xaricdəki imicini möhkəmləndirməyə yardım edən mühüm addımlardan gedir.
Trend geniş oxucu kütləsinə KATV1 kabel televiziyası operatorunun sahibi kimi tanınan AG Telecom şirkətinin rəhbəri Samir Qurbanovla müsahibəni təqdim edir. Yeri gəlmişkən, bu il AG Telecom onillik yubileyini qeyd edir.
- Son illərdə rəhbərlik etdiyiniz şirkət Azərbaycan mədəniyyətinin ölkə xaricindəki təbliğatçısına çevrilmişdir. Regionun ən iri telekommunikasiya şirkətlərindən biri nə üçün Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olur?
- Bu sualın birmənalı cavabı var - çünki mən və ətrafımda olan azərbaycanlılar öz vətənimizi çox sevirik. Biz istəmirik ki, Azərbaycandan kənarda yaşayan həmvətənlərimiz öz əcdadlarının vətənini, yəni öz vətənlərini unutsunlar. Bu məqsəd üçün əlimizdən gələnləri edəcəyik. Rəqəmsal texnologiyalar dövründə Azərbaycan fiziki sərhədlərlə məhdudlaşdırıla bilməz, dünyanın hər bir tərəfində yaşayan soydaşlarımızın qəlbində bir vətən parçası varsa, demək, ölkəmiz daha da böyükdür. Biz bunu dərk edib, ölkənin təbliğat strategiyasını məhz bu mühüm amilə əsaslanaraq qurmalıyıq. Dünya dəyişir və bu trendlərə uyğun olaraq biz də öz addımlarımızı dəyişməliyik. Ən yaxşı olduğumuzu və nailiyyətlərimizi yalnız ölkə daxilində bir-birimizlə müzakirə etməməliyik. Hər birimiz Azərbaycanı, onun mədəniyyətini, tarixini və nailiyyətlərini dünyaya nümayiş etdirməyə çalışmalıyıq.
Bildiyiniz kimi, rəhbərlik etdiyim AG Telecom şirkəti Azərbaycan mədəniyyətinin dəstəklənməsi məqsədilə ölkədən kənarda da müxtəlif layihələrdə fəal iştirak edir. İdarə etdiyimiz TMB TV beynəlxalq telekanalı Türk mədəniyyətinin təbliği ilə məşğul olan TÜRKSOY təşkilatının çoxillik informasiya tərəfdaşıdır. Elə Azərbaynın maraqlarının beynəlxalq telekanal tərəfindən dəstəklənməsi də ölkəmizə olan hörmət və loyallığı artırır.
Bu yaxınlarda biz daha bir media layihəsinə start verdik - Gürcüstanda 100,6 və 101,5 tezliklərində AGFM radiosunu işə saldıq. Gürcüstanda yaşayan soydaşlarımızın arasında Azərbaycan mədəniyyətinin təbliği üçün yayım Azərbaycan dilində aparılır. Radionu işə salandan sonra soydaşlarımızdan çoxlu sayda təşəkkür ismarıcları gəlib.
Yalnız AGFM radiokanalına Azerspace peyki və kabel operatorlarının rəqəmsal qəbulediciləri vasitəsilə də dinləmək olar.
Hazırda soydaşlarımızın sıx yaşadığı digər ölkələrin ərazilərində də oxşar radiokanalların yaradılması imkanını yaxından öyrənirik. Lakin istənilən halda biz həmin ölkələrin yayım sahəsindəki yerli qanunvericiliyini də nəzərə almalıyıq.
- Şirkətinizin idarə etdiyi TMBTV beynəlxalq telekanalı türkdilli ölkələrdə məşhur "mədəniyyət provayderinə" çevrilmişdir. Kanalın strategiyasından danışa bilərsiz?
- Həqiqətən də, tədricən biz TMBTV-nin nəinki Azərbaycan və Türkiyədə, həm də Qazaxıstan, Özbəkistan və Qırğızıstanda, hətta Rusiyanın bəzi regionlarında, xüsusən də Tatarstan və Başkiriyada məşhurlaşdığını müşahidə edirik ki, bu da bizi çox sevindirir. Yeri gəlmişkən onu da qeyd edim ki, bu yaxınlarda Rusiyanın kabel şəbəkələrində məhz rusdilli tamaşaçılar üçün TMBRU-nun yayımına başlamışıq. Telekanalımız vasitəsilə sözügedən ölkələrin vətəndaşları qonşu ölkələrin ifaçıları ilə tanış olub onların ifaçılıq sənətini müqayisə edə bilərlər. Lakin bizim strategiyamız tək TMBTV-də görə bildiyiniz musiqi məhsullarının nümayişi ilə bitmir.
Fəaliyyətimizi "Türk Dünyası - Bir Ailə" kimi səciyyələndirilə biləcək konsepsiyanın çoxillik reallaşdırılmasına istiqamətləndirmişik. Türk xalqlarını müxtəlif sahələrdə bir-birilərinə daha da yaxınlaşdıra biləcək region əhəmiyyətli bir sıra maraqlı layihələri nəzərdən keçiririk. Qonşu ölkələrdə yaşayan azərbaycanlıların sayını unutmaq olmaz. Telekanalımız musiqi vasitəsilə hər bir azərbaycanlıya öz kökünü xatırlamağa imkan verir.
Bu konsepsiya çərçivəsində TMBTV-nin çox vacib "mədəniyyət provayderi" rolu var və biz tədricən bu istiqamətdə irəliləyirik. Düşünürəm ki, 2016-2017-ci illərdə son məqsədimizə daha da yaxınlaşacayıq. Bu, çox mürəkkəb və böyük əmək tələb edən, lakin eyni zamanda reallaşdırıla biləcək bir prosesdir.
- Sizin daha bir maraqlı platformunuz var: Azərbaycan telekanallarına, faktiki olaraq, internet vasitəsilə qlobal informasiya məkanına çıxmağa imkan verən myvideo.az layihəsi.
- Bilirsiz, texnoloji cəhətdən ən inkişaf etmiş milli internet TV-platformu kimi xarakterizə edilə bilən myvideo.az layihəsi şirkətimiz üçün xüsusi qürur mənbəyidir. Biz, heç bir dövlət dəstəyi olmadan, öz təşəbbüsümüzlə dünyanın istənilən nöqtəsində yaşayan azərbaycanlıya yerli kanallarımızı izləməyə imkan verən bir platformu yaratdıq. Myvideo.az-ın funksionalı televerilişləri həm real zaman rejimində, həm də efirdən sonra izləməyə imkan verir. Bütün telekontentin arxivləşdirilməsi on gün təşkil edir. Ona görə də təəccüblü deyil ki, qısa müddət ərzində myvideo.az həm Azərbaycanda həm də ölkədən kənarda çox populyarlaşdı. Lakin biz buna da kifayətlənməyib, yeni SmartBox layihəsini reallaşdırmağa başladıq. SmartBox istənilən televizoru SmartTV-yə çevirə bilər, yəni interneti televizora inteqrasiya edə bilər. Azərbaycan mətbuatında dəfələrlə qeyd olunmuş maraqlı cəhətlərdən savayı SmartBox-un həm də mühüm milli missiyası var. Bu balaca cihaz, faktiki olaraq, dünyanın istənilən ölkəsində yaşayan Azərbaycan ailəsinə televizorda məhz Azərbaycan telekanallarını seyr etməyə imkan verir. Bundan əlavə, əvvəlcədən quraşdırılmış Facebook və Skype proqramları vasitəsilə Azərbaycandakı qohum və dostlarla da əlaqə saxlamaq olar. SmartBox cihazı həm də myvideo.az-a yüklənilmiş videoları televizorla izləməyə imkan verir.
Məqsədimiz Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin müvafiq qurumlarını SmartBox-un dünya azərbaycanlıların inteqrasiyası istiqamətindəki imkanları barəsində məlumatlandırmaqdır.
- Həqiqətən də, qarşısında yüksək məqsədlər qoymuş bir komandanın edə biləcəkləri təəccüb doğurur. Digər Azərbaycan şirkətlərinə nə tövsiyə edə bilərsiniz?
- İstənilən biznesin əsas məqsədi mənfəət əldə etməkdir. İstənilən biznes məhz bu strategiyaya uyğun fəaliyyət göstərir. Lakin hesab edirəm ki, müasir biznes - yalnız gəlir deyil, o həm də vətən və onun xalqına yönələn sosial missiyanın reallaşdırılmasıdır. Çünki Azərbaycanımız olmasa bunların heç birisi də olmazdı, və hər biz iş adamının borcudur ki, vətən üçün əlindən gələni etsin. Əgər hər birimiz çalışıb yaxşı nəticələr göstərə bilsək, heç təsəvvür də edə bilmərsiniz ki, necə bir sinergetik effektə nail ola bilərik.