...

YAP Qadınlar Şurasının sədri: Qadınla kişi necə bərabər ola bilər?

Cəmiyyət Materials 28 Dekabr 2015 16:42 (UTC +04:00)
Erkən nikahlar qadınlarımızın gələcəyini korlayır, onlara böyük problemlər yaradır.
YAP Qadınlar Şurasının sədri: Qadınla kişi necə bərabər ola bilər?

Bakı. Elçin Mehdiyev - Trend:

Erkən nikahlar qadınlarımızın gələcəyini korlayır, onlara böyük problemlər yaradır. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva Şuranın Milli Məclisin YAP-dan seçilmiş qadın deputatları ilə görüşündə deyib.

N.Əliyeva bildirib ki, millət vəkilləri orta məktəblərdə gənc qızlarla güclü iş aparmalıdır: "Avropasayağı davranmaq, Avropasayağı geyinmək bizə o qədər də xas məsələ deyil. Yüksək səviyyədə davranmaq, geyinmək olar, amma bu səviyyənin təməlində mənəvi dəyərlərimiz olmalıdır".

Şura sədri gender bərabərliyindən də söz açıb. O, qeyd edib ki, kişi ilə qadını eyniləşdirmək olmaz: "Mən heç vaxt istəməzdim ki, Azərbaycan kişisi mətbəxdə xörək bişirsin, paltar ütüləsin. Bizim mentalitetimizdə kişiyə böyük hörmət var. Qadınla kişi necə bərabər ola bilər? Kişilər həmişə evdə ən böyük hörmət sahibi olublar".

N.Əliyeva sosial şəbəkələrin mənfi və müsbət tərəflərindən də danışıb: "Bu gün ailələrin dağılmasında, münaqişələrin yaranmasında, gənclərin öz yolundan çıxmasında sosial şəbəkələrin rolu var. Biz öz balalarımızı sosial şəbəkələrin bu təsirindən qorumalıyıq. Çalışmalıyıq ki, onlar sosial şəbəkələrdən yalnız bəhrələnə bilsinlər. Bununla bağlı orta məktəblərdə iş aparılmalıdır. Bu gün qızlarımızın geyimində həddindən artıq açıq-saçıqlıq, həddindən artıq sərbəst davranmaq yolverilməzdir. Bizim qızlarımız abır-həya mücəssəməsi olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti