Yunus Oğuz
"Azərbaycanın geosiyasəti"
Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr
Müəllif qeyd edir ki, Azərbaycanın təhlükəsizlik sahəsində xarici siyasət prioritetləri də onun xarici siyasət konsepsiyasının ümumi vəzifələrinə uyğun şəkildə müəyyən olunur. Xarici siyasət konsepsiyası həm də təhlükəsizlik sahəsində ölkənin qarşısında dayanan uzunmüddətli beynəlxalq starteji vəzifələrin və ölkə xaricində həyata keçiriləcək operativ cari fəaliyyətin planlaşdırılması və təmin olunması metodikasını özündə əks etdirməlidir.
Əli Həsənov yazır: "Təhlükəsizlik sahəsində uzunmüddətli xarici fəaliyyət proqramı dövlətin hərbi gücü, qüdrəti, iqtisadi. siyasi və maliyyə ehtiyatları, dünya siyasətindəki rolu və yerindən asılı olaraq milli təhlükəsizliyinin məqsədləri, beynəlxalq və regiobal vəzifələri üzərində qurulur. Bu vəzifələrin ən vacibi və həyati əhəmiyyət kəsb edənləri sırasına ölkənin müstəqilliyinin qorunmasını, ərazisi və əhalisinin təhlükəsizliyinin, dövlətin suveren hüquqlarının təmin edilməsini, təhlükəsizliklə bağlı beynəlxalq təminatın alınmasını, milli təhlükəsizliyin beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirilməsini, beynəlxalq və regional təhlükəsizlik qurumları ilə tərəfdaşlıq münasibətlərinin yaradılmasını aid edirlər". (Bax. s. 758)
Qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin beynəlxalq təhlükəsizliklə bağlı xarici siyasətinin uğurlu və müvəffəqiyyətli həlli onun bu sahədəki mövcud siyasi, iqtisadi və hərbi ehtiyaclarının, milli ehtiyatlarının və maksimum imkanlarının düzgün dəyərləndirməsindən, istək və arzularının bu dəyərləndirməyə uyğun olaraq reallaşdırmağa çalışmasından asılı olmaqla yanaşı, bu xarici siyasətin daxildə aparılan iç siyasətlə də uyğunlaşması əsas şərtlərdən biridir. Belə ki, ölkənin milli təhlükəsizliyi aparılan xarici siyasətlə yanaşı, daxili siyasət paralel aparılmalı, biri o birindən ayrılmalı, hətta deyərdim VƏHDƏT təçkil etməlidir, çünki aparılan xarici siyasət dövlətin milli təhlükəsizliyini, onun inkişafını, əhalisinin rifahının yaxşılaşdırmasını, daxili münaqişələrin qarşısını almağı, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmağı və s. məsələləri özündə ehtiva edir.
Hörmətli professorun fikrincə, milli təhlükəsizlik siyasətinin daxili siyasətini təsnifatlaşdırsaq, əsasən aşağıdakı istiqamətlər üzrə fəaliyyət yönü alınar:
- Azərbaycanın hərbi təhlükəsizlik istiqamətində;
- Azərbaycanın sərhəd təhlükəsizliyi istiqamətində;
- Azərbaycanın milli enerji təminatı və təhlükəsizliyi istiqamətində;
- Azərbaycanın geoiqtisadi müstəqilliyə və təbii ehtiyatların təhlükəsiz istifadəsi istiqamətində;
- Azərbaycanın ictimai-siyasi, sosial, dini, etnik və milli insan ehtiyatlarının təhlükəsiz istifadəsi və idarə olunması istiqamətində;
- Azərbaycanın ərzaq təhlükəsizliyi istiqamətində;
- Azərbaycanın informasiya təhlükəsizliyi istiqamətində;
- Azərbaycanın ekoloji təhlükəsizlik istiqamətində və s.Bütün bunlar haqqında bir qədər sonra aşağıda bəhs edəcəyik.
Qeyd etmək lazımdır ki, xarici təhlükəsizlik siyasətinin prioritetlərinin düzgün müəyyənləşdirilməsi qonşu və regional, əməkdaşlıq etdiyi dövlətlərin imkan və mövqelərinin, onların iqtisadi, siyasi və hərbi gücünün düzgün müəyyənləşdirilməsindən, eyni zamanda dünya siyasəti və beynəlxalq münasibətlərin mahiyyətini və reallıqlarını, dünyanın birgə yaşayış normalarını müəyyən edən böyük dövlətlərin geosiyasi, geoiqtisadi maraqlarını müəyyənləşdirməkdən, beynəlxalq təşkilatların, güc mərkəzlərinin maraq və mənafe çərçivələrini, onlara təsir imkanlarını dəqiq qiymətləndirə bilməsindən asılıdır.
Xarici siyasət sahəsində istifadə olunan resursları Əli Həsənov da daxil olmaqla tədqiqatçılar iki qrupa ayırırlar.
Maddi resurslara:
- coğrafi ehtiyatları- dövlətin ərazisinin həcmini və geoməkan xarakteristikasını, hərbi geostrateji mövqeyini, geoiqtisadi dəyərlərini, nəqliyyat-kommunikasiya marşrutlarının yaxınlığını, bu ərazini əhatə edən xarici aləmin vəziyyətini;
- demoqrafik ehtiyatları- əhalinin sayını, milli etnik tərkibini, artım surətini, dövlətçilik mövqeyini, sosial vəziyyətini və keyfiyyət göstəricilərini, ölkə vətəndaşlarının miqarsiya və urbanizasiya meyllərini;
- iqtisadi ehtiyatları- ölkənin milli istehsal və təsərrüfat sistemlərinin vəziyyətini, başqa ölkələrdəki müvafiq sahələrlə müqayisədə iqtisadi üstünlüyünü, yaxud geriliyini, öz hərbi sənayesini təmin etmək qabiliyyətini, xarici ölkələrin iqtisadiyyatına təsir etmək imkanları və mexanizmlərini;
- hərbi ehtiyatları- ölkənin müdafiə qabiliyyəti və hərbi qüdrətini, sərhədləri xaricində güc tətbiq etmə imkanlarını və s. aid edirlər.
Qeyri-maddi resurslar:
- siyasi ehtiyatlar- dövlətin səmərəli siyasi-idarəçilik fəaliyyətini, xrici ittifaqlarda iştirakını, dünya siyasətinə təsir gücü olan dövlətlərlə mövcud münasibətlərini, beynəlxalq siyasi, hüquq və təhlükəsizlik institutlarında, təşkilatlarında iştirakını, yaxud onlarla əlaqələrini, qlobal və regional siyasətə təsir imkanlarını, səmərəli daxili və xarici siyasət mexanizmlərinə malik olmasını;
- sosial ehtiyatları- vətəndaşların daxili birliyinin vəziyyətini, yürüdülən xarici siyasətə münasibətini, dövlət maraqlarının qorunması naminə nümayiş etdirdiyi milli-vətəndaş iradəsini və əzmini;
- nüfuz ehtiyatları- dövlətin və onun siyasi liderinin beynəlxalq aləmdə təsdiq olunmuş nüfuzunu və onun dünya dövlətlərinin fəaliyyətinə təsir imkanlarını;
- ideoloji-mədəni ehtiyatları- başqa dövlətlərin ictimaiyyətinə göstərə biləcəyi intellektual, ideoloji və dini təsirini;
- informasiya ehtiyatlarını- qlobal informasiya məkanında iştirakını və ona təsir etmək, dünya informasiya axının yöneltmək imkanlarını, mütəqil beynəlxalq informasiya ehtiyatlarına malik olmasını;
- elmi, Elmi-texniki və təhsil ehtiyatlarını- intellektual potensialını və onun inkişaf perspektivlərini, öz iqtisadi, siyasi, hərbi və digər sahələrini ixtisaslı kadrlarla təmin etmək bacarığını və s. aid edirlər.
***
SSRİ dağıldıqdan sonra planetar səviyyədə olduğu kimi, regional, konkret olaraq Azərbaycanın daxil olduğu Xəzər-Qara dəniz hövzəsində, o cümlədən Cənubi Qafqazda təhlükəsizlik mühiti dəyişdi. Belə ki, müstəqil dövlətlərin yaranması ilə bağlı yeni geosiyasi, geoiqtisadi və hərbi-geostrateji şərait yarandı. Bu şərait yeni yaranmış dövlətlərə imkan verdi ki, özünün yerli, regional təhlükəsizlik sistemini yaratsın, doktrinalar qəbul etsin və bu sahədə beynəlxalq qurumlarla fəal əməkdaşlıq etsin. Bu baxımdan regionda hər dövlətin maraq dairəsinə daxil olan münasibətlər formalaşmağa başladı. Təbiidir ki, SSRİ-dən qalma mübahisəli məsələləri ilk növbədə həll etmək ən vacib problemlərdən birinə çevrilmişdi, çünki bu problemləri həll etmədən dövlətin təhlükəsizlik doktrinasını qəbul etmək özü müşkülə dönəcəkdi. Əslində, bəzi maraqlı dairələr SSRİ-dən qalma mübahisəli məsələləri (məsələn, Xəzər dənizinin bölünməsi, Qarabağ, Abxaziya və s.) dondurulmuş vəziyyətdə saxlamağa maraqlı idilər ki, müstəqil dövlətlər milli təhlükəsizlik sistemini təkmilləşdirib qurtara bilməsinlər.
Bu barədə Əli Həsənov yazır: "Əsas həlledici mübahisələr: region ölkələrinin ərazi bütövlüyü və bəzi dövlətlərin ərazi iddiaları, Xəzər hövzəsinin enerji resursları, neft-qaz ixrac marşrutları və təhlükəsizlik mexanizmlərinə sahib olmaq, Şərq-Qərb nəqliyyat-kommunikasiya və tranzit infrastrukturlarına, region ölkələrinin transmilli siyasi, iqtisadi və hərbi bloklarla münasibətinə təsir etmək istəyi və s. məsələlər ətrafında cərəyan edirdi. Bölgənin ayrı-ayrı ərazilərində, məsələn, Qara dəniz, yaxud Xəzər dənizi hövzəsində mübarizə daha çox nəqliyyat-kommunikasiya xətləri, ixrac marşrutları, yerli ölkələrin və transmilli infrastrukturların təhlükəsizliyi üzərində qurulmuşdusa, Orta Asiya və Xəzər ətrafında, əksinə enerji resursları, hərbi-geostrateji yüklü məsələlər, Cənubi Qafqazda yerli ölkələri təsir dairəsində saxlamaq və onların ərazi bütövlüyü ilə manevr etməyə yönəlmişdi". (Bax.s. 769-770)
Ardı var