Bakı. Trend:
Azərbaycan Texnologiya Universiteti (ATU) 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə tətbiqinə başlanan Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən xarici ali təhsil ocaqlarının təcrübəsini öyrənmək və səmərəli əməkdaşlıq əlaqələri qurmaq istiqamətində fəaliyyətini davam etdirir. Trend-in məlumatına görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin pilot layihəsi kimi ATU-da tətbiqinə başlanan Müştəriyə Yönəlmə Proqramı çərçivəsində əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədilə universitet rəhbərliyi qardaş Türkiyə Respublikasına işgüzar səfər edib.
ATU-nun rektoru professor Akif Süleymanovun rəhbərlik etdiyi heyət Türkiyənin ən qabaqcıl ali təhsil ocaqlarından hesab edilən İstanbul Texniki Universitetində (İTU) olub. İTU-nun rektoru professor Mehmet Karaca ilə keçirilən görüşdə iki universitet arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib. Qeyd olunub ki, hər iki universitetin fəaliyyət profili və mövcud ixtisaslarında uyğunluğun olması tərəflər üçün faydalı olacaq qısa və uzun müddətli əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Görüş zamanı Azərbaycan Texnologiya Universiteti və İstanbul Texniki Universitetinin birgə fəaliyyəti ilə bakalavriat və magistratura səviyyəsində dual diplom proqramlarının tətbiqi, Gəncədə ATU nəzdində texniki peşə liseyi və texnoparkın yaradılmasında birgə iştirak, eləcə də universitetlər arasında tələbə və müəllim mübadiləsi haqqında geniş fikir mübadiləsi aparılıb. Əldə olunmuş ilkin razılığa əsasən ATU və İTU arasında ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb. ATU-nun rektoru professor Akif Süleymanov və İTU-nun rektoru professor Mehmet Karaca tərəfindən imzalanan memoranduma əsasən ilkin mərhələdə razılaşdırılan məsələlərin reallaşdırılması üçün fəaliyyət planının hazırlanması nəzərdə tutulur.
Daha bir memorandum isə Azərbaycan Texnologiya Universiteti ilə Türkiyənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Yıldız Texniki Universiteti (YTU) arasında imzalanıb. İstanbul şəhərində YTU-nun inzibati binasında baş tutan görüşdə ATU-nun rektoru professor Akif Süleymanov bildirib ki, Türkiyənin ən nüfuzlu və köklü ənənələrə malik ali təhsil müəssisələrindən olan YTU ilə əməkdaşlıq olduqca faydalı ola bilər. Çünki, hər iki universitetin mütəxəssis hazırlığı istiqamətlərində ciddi yaxınlıq var. Yıldız Texniki Universitetinin rektoru professor İsmail Yüksek isə bildirib ki, bir əsrdən artıq yaşı olan bu ali təhsil ocağı da hər zaman xarici əlaqələrin inkişafında maraqlı olub. Bu gün 30 mindən artıq tələbləyə təhsil verən YTU dünyanın ilk 500, Türkiyənin isə ilk 5 universiteti siyahısına daxildir. Tədris proqramlarının çoxu beynəlxalq akkreditasiyadan keçib, diplomları ABŞ və Avropada tanınır. Sonra ATU-dan gedən heyət YTU-nun Elektronika, Mekatronika, Qida və mexanika laboratoriyaları və texnoparkı ilə tanış olub. Qonaqlara texnoparkda fəaliyyət göstərən şirkətlər, ofislər və inkubasiya mərkəzləri haqqında ətraflı məlumat verilib. YTU Texnoparkının müdiri Mustafa Albayrak ilə fikir mübadiləsi zamanı Gəncədə ATU nəzdində ortaq texnoparkın yaradılması üçün ilkin addım olaraq hüquqi bazanın yaradılması qərara alınıb. Görüşün sonunda ATU və YTU arasında əməkdaşlıq memorandumu imzalanıb. Rektorlar professor Akif Süleymanov və professor İsmail Yüksek tərəfindən 34-cü Osmanlı sultanı II Əbdülhmidin öz əlləri ilə hazırladığı masa üzərində imzalanan memorandum universitetlərin tədris proqramlarının uyğunlaşdırılması, dual diplom proqramlarının tətbiqi, ATU müəllimlərinin YTU-də ixtisasartırma kurslarına və YTU professorlarının ATU-da tədris prosesinə cəlb olunması, yay aylarında ATU tələbələrinin YTU-nun texnoparkında təcrübə proqramlarında iştirakının təmin olunması, bu ilin may ayında YTU-da baş tutacaq beynəlxalq tələbə forumuna ATU tələbələrinin cəlb edilməsi, Gəncədə ATU nəzdində ortaq texnoparkın qurulması və ortaq tədqiqatların aparılması, ATU-da bakalavr təhsilini başa vuran tələbələrinin YTU-da güzəştli şərtlərlə magistratura təhsili alması, tələbə və müəllim mübadiləsi və sair məsələləri nəzərdə tutur.
Azərbaycan Texnologiya Universitetinin Türkiyədəki tərəfdaşlarının sırasına bu ölkənin ən böyük və ən nüfuzlu ali təhsil ocağı olan İstanbul Universiteti (İU) də əlavə olunub. Əməkdaşlıq məsələlərinin müzakirə olunması məqsədilə İU-da keçirilən görüşdə rektor professor Mahmud Ak qonaqlara rəhbərlik etdiyi universitet haqqında geniş məlumat verib. O, deyib ki, İU uzun illərdir ki, reytinq cədvəllərində Türkiyə universitetlərinə rəhbərlik edir. Ölkənin ən qədim ali təhsil müəssisəsi olan İU-nun 562 yaşı və 214 min tələbəsi var. İU-nun məzunları arasında 2 Nobel mükafatı lauretatı (Aziz Sancar və Orhan Pamuk), 6 prezident, bir neçə baş nazir, nazirlər və başqa ictimai-siyasi xadimlər var. Hazırda burda 600-dən artıq azərbaycanlı tələbə təhsilini davam etdirir. ATU-nun rektoru professor Akif Süleymanov da rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyət istiqaməti və hədəfləri barədə məlumat verib. Rektor bildirib ki, Azərbaycanda yüngül sənaye və qida sənayesi üzrə mütəxəssis hazırlayan əsas ali təhsil müəssisəsi olan ATU hazırda Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq yeni inkişaf planları üzərində işləyir. Səmərəli müzakirə şəraitində keçən görüş zamanı ATU ilə İU arasında əməkdaşlığın əsas istiqamətləri barədə razılığa gəlinib və memorandum imzalanıb. Rektorlar professor Akif Süleymanov və professor Mahmud Ak tərəfindən imzalanan memorandum İU-nun Peşə məktəbinin iştirakı ilə ATU-nun Peşə liseyinin təqdis proqramlarının hazırlanması, universitetlər arasında tələbə və müəllim mübadiləsininin həyata keçirilməsi, ortaq layihə və tədqiqatların reallaşdırılması, İU və ATU-nun mühəndislik və iqtisadiyyat ixtisasları üçün tədris proqramlarının uyğunlaşdırılması, "Erasmus+" layihələrində birgə iştirakı və digər məsələləri nəzərdə tutur.