...

İlham Əliyev: Dünyada dini zəmində qarşıdurmalar davam edərsə, bu, böyük fəlakətə gətirib çıxaracaqdır

Cəmiyyət Materials 17 Fevral 2016 23:38 (UTC +04:00)
"Biz bunu görürük və eyni zamanda, mən tam əminəm ki, əgər dünyada bundan sonra da dini zəmində qarşıdurmalar davam edərsə, bu, böyük fəlakətə gətirib çıxaracaqdır. Biz artıq hər il yeni münaqişə ocaqlarını, yeni problemli yerləri görürük".
İlham Əliyev: Dünyada dini zəmində qarşıdurmalar davam edərsə, bu, böyük fəlakətə gətirib çıxaracaqdır

Bakı. Trend:

"Biz bunu görürük və eyni zamanda, mən tam əminəm ki, əgər dünyada bundan sonra da dini zəmində qarşıdurmalar davam edərsə, bu, böyük fəlakətə gətirib çıxaracaqdır. Biz artıq hər il yeni münaqişə ocaqlarını, yeni problemli yerləri görürük".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Gəncədə "İmamzadə" dini kompleksində ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, bu gün daha çox miqrantlar böhranından danışırlar: "Mən dövlət başçısı kimi bu məsələ ilə bağlı ölkəmizin mövqeyini dəfələrlə ifadə etmişəm və hesab edirəm ki, belə də olmalıdır. Biz bu məsələyə biganə qala bilmərik. Bu gün xarici müdaxilədən əziyyət çəkən insanlar öz canlarını, ailələrinin canlarını qurtarmaq üçün məcburi köçkün vəziyyətinə düşmüşlər. Onlar sadəcə olaraq ölməmək üçün bu əzablara qatlaşıb, böyük təhlükələrlə üzləşib Avropaya üz tuturlar. Yolda da onların çoxu ya dənizdə batır, ya başqa yerdə həlak olur. Biz görürük ki, bunlara qarşı münasibət heç də Avropanın bəyan etdiyi prinsiplərə uyğun gəlmir. Bu adamların heç bir günahı yoxdur. Əgər onların ölkələrinə xaricdən müdaxilə olunmasaydı, onlar öz ölkələrində yaşayardılar. Onlar - yaxınlarını itirmiş, qaçqın-köçkün vəziyyətinə düşmüş milyonlarla insan indi sadəcə olaraq öz canını xilas etmək istəyir. Onlara qarşı bəzi hallarda çox nalayiq hərəkətlər edilir. Onların şəxsiyyəti alçaldılır. Onlar haqqında artıq dünya mediasında çox mənfi rəy formalaşır.

Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. O cümlədən bu yaxınlarda Suriya böhranı ilə bağlı Londonda keçirilmiş konfransda çıxış edərkən demişəm ki, Azərbaycan 1990-cı illərin əvvəllərində humanitar fəlakətlə üzləşmişdi. Bir milyon insan erməni işğalı nəticəsində öz yerindən didərgin düşmüşdür. O vaxt bizim nə imkanımız, nə pulumuz var idi, iqtisadiyyat tamamilə dağılmış vəziyyətdə idi. Biz demək olar ki, təkbaşına o böhranın öhdəsindən gəlirdik. Düzdür, o vaxt - 2010-cu ilə qədər beynəlxalq donor təşkilatları bizə yardımlar edirdilər. Amma təbii ki, o yardımlar 1 milyon insanın tələbatını ödəyə bilməzdi. Yəni, biz bunu təkbaşına etmişik, bu sınaqdan çıxmışıq. Bu gün də köçkünlərin məşğulluğu, yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Doxsana yaxın qəsəbə salınıb, 250 minə yaxın köçkün yeni gözəl mənzillərə, evlərə köçüb. Ona görə, bəzi hallarda Yaxın Şərqdən köç edən miqrantlara olan belə münasibət başadüşülən deyil.

Bunun digər tərəfi də var. Bu barədə də mən demişəm, bir daha demək istəyirəm. Belə vəziyyət və xüsusilə Qərb mediasında miqrantlarla bağlı gedən birtərəfli antitəbliğat ona gətirib çıxarır ki, Avropada radikal partiyaların gücü, onlara səs verən əhalinin sayı artır. Onlar getdikcə daha çox siyasi dəstək alırlar. Əgər bu, belə davam edərsə, bir neçə ildən sonra onlar öz ölkələrində hakimiyyətə gələ bilərlər. Belə olan halda necə olacaq? Belə olan halda dinlərarası münasibətlər necə tənzimlənəcək? Bu gün Avropanın, demək olar, bütün ölkələrinin rəsmi mövqeyi təbii ki, müsbətdir. Avropa hökumətləri, onların bəziləri çalışır ki, miqrantlara layiqli münasibət göstərilsin. Biz bunu da görürük və təqdirlə qarşılayırıq. Ancaq bir daha demək istəyirəm, əgər dini zəmində bu qarşıdurma və təbliğat davam edərsə, gələcəkdə biz çox böyük problemlərlə üzləşəcəyik.

Azərbaycan, əlbəttə ki, dünya miqyasında o qədər də böyük ölkə deyil. Ancaq bizim sözümüzün böyük mənası və çəkisi var. Ona görə, şəxsən mən bütün bu məsələlərlə bağlı Azərbaycanın mövqeyini dünya birliyinə çatdıranda, eyni zamanda, bunun həll yollarını da göstərirəm. Həll yolları da Azərbaycan nümunəsidir. Nə üçün bu gün bəzi ölkələrdə deyirlər ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizmin gələcəyi yoxdur? Bu, səhv bir fikirdir. Baxın, Azərbaycanda multikulturalizm yaşayır. Baxın, o qədər də böyük müstəqillik tarixi olmayan, böyük çətinliklərlə üzləşən və işğala məruz qalan, heç vaxt bu işğalçının dini mənsubiyyətinə işarə vurmayan ölkə görün, bu məsələləri necə tənzimləyir. Nəyə görə? Çünki dövlət siyasəti aparılır. Bir daha demək istəyirəm, dövlət siyasəti əsas rol oynayır. Digər tərəfdən, bizim din xadimlərimiz bu istiqamətdə çox böyük rol oynayırlar. Xüsusilə şeyx həzrətlərinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. O, həm ölkə daxilində, həm MDB məkanında, dünyada Azərbaycanı tolerant, bütün dinlərin birgə yaşadığı ölkə kimi təqdim edir. Bizim digər din xadimlərimiz, - onlar burada əyləşiblər, - bu gün çıxış edəcəklər. Mən onların fəaliyyətini yüksək qiymətləndirirəm. Onların da çoxsaylı xarici səfərləri olur. Bu səfərlərdə də onlar sadəcə olaraq Azərbaycan reallıqları haqqında danışırlar. Yəni, bu, əsas amildir. Eyni zamanda, Azərbaycanın bu modelinin təməlində əlbəttə ki, ictimai fikir də dayanır. Azərbaycan ictimaiyyəti də bu siyasəti tam dəstəkləyir.

Ona görə biz bütün dini bayramları bir yerdə qeyd edirik. Bütün mərasimlərdə bir yerdə iştirak edirik. Bu gün burada pravoslav, yəhudi, katolik icmalarının rəhbərləri öz sözlərini deyəcəklər. Bu, təbiidir, bu, belə olmalıdır. Ancaq əfsuslar olsun ki, bəzi hallarda bəzi ölkələrdə biz bunu görmürük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti