...

Heydər Əliyev Sarayında Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib

Cəmiyyət Materials 25 Fevral 2016 14:29 (UTC +04:00)
Heydər Əliyev Sarayında Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Heydər Əliyev Sarayında Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib

Bakı. Trend:

Heydər Əliyev Sarayında Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Trend-ə verilən məlumata görə, tədbirdə öncə, Xocalı soyqırımını özündə əks etdirən kitab stendinə baxış keçirilib.

Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verən Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə 613 dinc sakinin amansızcasına qətlə yetirildiyini, minlərlə günahsız azərbaycanlının əsir götürüldüyünü diqqətə çatdırıb.

Fərhad Babayev, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən işlərdən danışmışdır. Xocalı soyqırımı, onun ağır nəticələrinin, tarixi-mədəni abidələrimizin məhv edilməsinin və Azərbaycana qarşı edilən ədalətsizliyin dünya ictimaiyyətinə çatdırılması baxımından görülən işlərdən, çap olunan kitablar, jurnallar, posterlər və çəkilən sənədli filmlərdən bəhs etmişdir. "Xocalıya ədalət" kampaniyası çərçivəsində müxtəlif ölkələrdə keçirilən etiraz aksiyaları, habelə seminarlar, konfranslar sayəsində Xocalı faciəsinin bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınmasından ətraflı məlumat vermişdir. Tədbirdə Xocalı sakinləri Mustafayeva Şəkibə və Səlimova Zəminə iştirak etmişlər. Xocalı faciəsinin canlı şahidləri həmin gecənin dəhşətlərindən danışmışlar. Xocalının dinc sakinlərinin qaçmaq istəyərkən qabaqcadan xüsusi olaraq düzəldilmiş pusqularda qətlə yetirildiklərini, bir çox qohumlarının ağır işgəncələrə məruz qalaraq öldürüldüklərini, girov götürülənlərin taleylərinin bu gün də məlum olmadığını bildirmişlər.

Tədbirin sonunda Xocalı soyqırımının dəhşətlərini əks edirən "Xocalı soyqırımı" adlı sənədli film nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti