Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) III Hesabat-seçki konfransı keçirilib.
Trend-in məlumatına görə, qurultayda gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və digər rəsmi şəxslər iştirak ediblər.
Qurultay dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə 3 il ərzində görülən işlər haqqında hesabat xarakterli videoçarx nümayiş olunub.
ATGTİ-nin Nəzarət-Təftiş Komissiyası hesabat təqdim edib. İttifaqın sabiq sədri Şahin İsmayılov görülmüş işlər və əldə olunmuş uğurlar haqqında danışıb.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov konfransın işinə uğurlar arzulayıb. O, Azərbaycanda gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. Nazir Ulu Öndərin ölkə gənclərinə diqqət və qayğısından danışıb.
A.Rəhimov Prezident İlham Əliyevin də Azərbaycan gənclərini daim diqqət mərkəzində saxladığını, hər zaman bütün sahələrdə gənclərə önəm verdiyini, onları dəstəklədiyini vurğulayıb.
"Gənclər və İdman Nazirliyi dövlət gənclər siyasətinin həyata keçirilməsinə cavabdeh qurum kimi öz üzərinə düşən vəzifələrin icrasını, aidiyyatı dövlət qurumları, beynəlxalq təşkilatlar, xüsusilə də gəncləri birləşdirən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəklində həyata keçirir. ATGTİ ölkənin gənclər sektorunda xüsusi çəkiyə malikdir. Ötən dövr ərzində İttifaq qabaqcıl ideyalar və dəyərlər gətirən, orjinal təşəbbüslərlə çıxış edən və daim yeniləşən vahid qüvvəyə çevrilib. Bu İttifaq tələbə gənclər təşkilatlarını birləşdirərək, onların bilik və bacarıqlarını, ideyalarını reallaşdırmağa böyük köməklik göstərir", - deyə nazir əlavə edib.
Nazir ATGTİ-nin işini yüksək qiymətləndirib.
Daha sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini T.Süleymanov çıxış edərək, ATGTİ-nin növbəti konfransının yüksək səviyyədə keçirilməsinə görə gəncləri təbrik edib.
O qeyd edib ki, 2009-cu ilin sonlarında təsis olunan İttifaqın yaradılmasında məqsəd pərakəndə şəkildə fəaliyyət göstərən tələbə gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək və stimullaşdırmaq idi: "İttifaq yarandığı zamandan öz missiyasını layiqincə yerinə yetirə bilib. Hesabat dövründə 350 layihə, minlərlə gənci əhatə edən irimiqyaslı tədbirlər həyata keçirilib. Bu gün Azərbaycanda 300-dən çox qeydiyyatdan keçmiş gənclər təşkilatları mövcuddur. 35 min üzvü olan ATGTİ, üzvlərinin sayına görə gənclər sektorunda ən böyük təşkilatdır. Gənclər və İdman, Təhsil nazirlikləri, Prezident yanında Gənclər Fondu və digər dövlət qurumları belə təşkilatların fəaliyyətinə hərtərəfli dəstək verirlər".
T.Süleymanov Ulu Öndər Heydər Əliyevin gənclər haqqında fikirlərini xatırladıb, Ümummilli Liderin uğurlu gənclər siyasətindın söz açıb. O, Prezident İlham Əliyevin gənclər hərəkatı üçün yaratdığı yüksək şərait və dövlətin gənclərə qayğısından danışıb.
PA rəsmisi ATGTİ-nin bundan sonrakı fəaliyyətinə də uğurlar arzulayıb.
Konfransda iştirak edən digər rəsmi şəxlər də çıxış edərək ATGTİ haqqında xoş fikirlər səsləndiriblər.
Sonra qurultayda ATGTİ-yə yeni üzv təşkilatlar seçilib. Bakı Ali Neft Məktəbi Tələbə Senatı, Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatı, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Tələbə Gənclər Təşkilatının müraciətləri müsbət qarşılanıb.
Səsvermə ilə ATGTİ-nin İdarə Heyətinin üzvləri seçilib. İttifaqın 5 nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyası formalaşdırılıb.
Sonda ATGTİ-nin yeni sədri seçilib. Səsvermə nəticəsində Şahin İsmayılov yenidən təşkilatın sədri seçilib.