...

Özbəkistan yazıçısı ermənilərin türk dünyasına qarşı törətdiyi soyqırımlar haqqında kitabını təqdim etdi (FOTO)

Cəmiyyət Materials 2 Aprel 2016 12:48 (UTC +04:00)
Bakıda Özbəkistan yazıçısı Şuhrat Salamovun iki kitabının - rus dilində “Türküstan və Cənubi Qafqaz - XIX-XX əsrlərdə” və rus və özbək dilində “Azərbaycanın mədəni irsi” kitablarının təqdimat mərasimi keçirilib.
Özbəkistan yazıçısı ermənilərin türk dünyasına qarşı törətdiyi soyqırımlar haqqında kitabını təqdim etdi (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda Özbəkistan yazıçısı Şuhrat Salamovun iki kitabının - rus dilində "Türküstan və Cənubi Qafqaz - XIX-XX əsrlərdə" və rus və özbək dilində "Azərbaycanın mədəni irsi" kitablarının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, Trend İnformasiya Agentliyinin Mətbuat Mərkəzində keçirilən təqdimat mərasimində çıxış edən Qafqaz Tarixi Mərkəzinin rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyası İnsan Haqları İnstitutunun elmi işçisi Rizvan Hüseynov bildirib ki, arxiv materialları əsasında hazırlanan "Türküstan və Cənubi Qafqaz - XIX-XX əsrlərdə" kitabı ermənilərin türk dünyasına qarşı törətdiyi cinayətləri açıb göstərir.

Bu cinayətlərin bir hissəsinin də Özbəkistanda törədildiyini xatırladan R.Hüseynov qeyd edib ki, bütün dünya ermənilərin bu vəhşilikləri barədə məlumatlandırılmalı, törətdikləri cinayətlərin böyük türk elinə qarşı olduğunu, onların böyük türk eli ilə bağlı ciddi planlarının olduğunu bilməlidir.

Yazıçı Şuhrat Salamov isə bildirib ki, Azərbaycan və Özbəkistanın başına gələn hadisələr oxşar olub. Buna görə də kitabda tarixi faktlar paralel qeyd edilib. Bütün bu faktlar cinayətlərin ermənilər və ruslar tərəfindən türk elinə qarşı məqsədli şəkildə törədildiyini sübut edir.

Ş.Salamov deyib ki, 1918-ci il martın 31-də ermənilərin Azərbaycanda törətdiyi soyqırımdan 1 ay əvvəl - fevralın 22-də Fərqanə vadisində də ermənilər tərəfindən soyqırımın törədilməsinə başlanılıb. Bunun nəticəsində 180-ə yaxın kənd məhv edilib, 3 ay ərzində 35 minə yaxın dinc əhali vəhşicəsinə öldürülüb. Normal insanın belə vəhşiliklər törətməsini mümkünsüz sayan yazıçı qeyd edib ki, ermənilərin həm Azərbaycana, həm də Özbəkistana - ümumilikdə türk elinə qarşı törətdiyi cinayətlər yalnız terror adlandırıla bilər.

Yazıçı bu terrorun bu gün də davam etdiyini söyləyib: "Eyni hadisələri daha sonra - 1980-ci illərdən sonra Qarabağda da gördük. İnsan olan şəxs bu vəhşilikləri etməz. Bunlar terrordur. Mən bu məsələləri açmaq, onları dünyaya göstərmək üçün bu kitabı hazırladım. Qarabağ bizim hamımızın acısıdır. Ermənilər Azərbaycan ərazilərinin 20 faizini işğal edib. BMT-nin işğal edilən torpaqların azad edilməsi barədə qətnamələr qəbil etməsinə baxmayaraq, onlar yerinə yetirilmir".

Ş.Salamov daha sonra əlavə edib ki, "Azərbaycanın mədəni irsi" kitabı isə Azərbaycanın Özbəkistandakı səfirliyinin və Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanıb. Azərbaycan mədəni irsinə dair məlumatları özündə əks etdirən bu kitabda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan "YUNESKO-nun "Qeyri-maddi mədəni irs siyahısı"na daxil edilmiş mədəni irs elementləri, milli musiqi alətləri haqqında, habelə Azərbaycan Milli Kulinariya Mərkəzinin məlumatlarından istifadə edilib. Nəşrdə Azərbaycan torpaqlarının işğalı nəticəsində ölkənin mədəni irsinə, mədəniyyət abidələrinə çox böyük ziyan dəydiyi, açıq səma altında muzey olan Azərbaycan mədəniyyətinin, musiqisinin beşiyi - Şuşa şəhərində və digər ərazilərdə xalqımıza məxsus maddi mədəniyyət nümunələrinin talan və məhv edilməsi yazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti