...

Bakıda silahlı insident törədən dünya çempionunun şikayəti təmin edilmədi

Cəmiyyət Materials 21 Aprel 2016 11:19 (UTC +04:00)
Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə Bakıda silahlı insident törətməkdə təqsirləndirilərək həbs edilən dünya çempionu Sənan Dünyamalıyevin şikayətinə baxılıb.
Bakıda silahlı insident törədən dünya çempionunun şikayəti təmin edilmədi

Bakı. Samir Əli - Trend:

Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə Bakıda silahlı insident törətməkdə təqsirləndirilərək həbs edilən dünya çempionu Sənan Dünyamalıyevin şikayətinə baxılıb.

Trend-in məlumatına görə, prosesdə araşdırılan şikayət təmin edilməyib.

Xatırladaq ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə S.Dünyamalıyev 1 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan S.Dünyamalıyev apelyasiya şikayəti verib.

O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib. Şikayət baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, S.Dünyamalıyev universal döyüş üzrə dünya çempionu olub.

İttihama görə, ötən ilin iyunun 6-da xuliqanlıq zəminində Bakı şəhər sakini S.Dünyamalıyev "Kral" şadlıq sarayının binasında olan zaman özündəki "Shurshill" markalı ov tüfəngindən atəş aşıb. Hadisə zamanı şadlıq sarayının pəncərə şüşələri sınıb. İstintaq-əməliyyat qrupu əraziyə baxış keçirərkən oradan iki giliz götürüb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, əvvəllər məhkum olunmuş S.Dünyamalıyev, Cavid Ağalarov və Bəhman Səfiyev iyunun 6-da saat 17 radələrində "Neftçi" təlim-məşq mərkəzində tələbələri ilə məşq edən Şəhriyar Abbasova mane olublar. Sonuncu iradını bildirdikdə S.Dünyamalıyev Ş.Abbasovu "Kral" şadlıq sarayının qarşısına "razborka"ya çağırıb.

S.Dünyamalıyev, C.Ağalarov, B.Səfiyev bir qrup şəxslə həmin gün qeyd edilən ünvana gedib Ş.Abbasovla məşq mərkəzində yaranmış mübahisəni davam etdiriblər.

Bu zaman S.Dünyamalıyev gəldikləri avtomaşından "Vinçester" tipli tüfəngi götürüb, havaya atəş açıb, nəticədə "Kral" şadlıq sarayının pəncərəsinin şüşələri sınıb. Mübahisə zamanı Ş.Abbasovun tələbəsi Ramil Vəliyevə sağ bud nahiyəsindən bıçaqla iki xəsarət yetirilib.

S.Dünyamalıyev daha sonra könüllü olaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə gəlib və hadisə zamanı istifadə etdiyi "Shurshill" markalı ov tüfəngini təhvil verib.

Qeyd edək ki, 2008-ci ilin avqustunda Xaçmaz rayonu Nabran qəsəbəsində fəaliyyət göstərən disko-barlardan birində istirahət edən S.Dünyamalıyev və Cavid Ağalarovun tanımadıqları 6 nəfər yerli sakinlə davaları düşüb.

Nəticədə həmin şəxslərdən birinə bıçaq zərbəsi ilə xəsarət yetirilib.

Onlar Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunublar.

Həmin cinayət işini araşdıran Bakı Ağır Cinayətlər Məhkəməsi S.Dünyamalıyev və C.Ağalarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.2 və 29, 120.2.7-ci maddələrini sübuta yetirə bilməyiblər. Bu səbəbdən onların üzərində həmin maddələr üzrə ittiham götürülüb.

Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə ittiham olunan təqsirləndirilən şəxslərin hər birinə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.

"İnter" Peşəkar İdman Klubunun üzvü olan S.Dünyamalıyev 2007-ci ilin noyabrında Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş dünya çempionatında qızıl medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti