...

Bakı İslam Universietinin diplomunun tanınması üçün Nazirlər Kabinetinə müraciət edildi

Cəmiyyət Materials 5 May 2016 15:50 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Bakı İslam Universitetinin (BİU) diplomunun tanınması üçün Nazirlər Kabinetinə müraciət edib.
Bakı İslam Universietinin diplomunun tanınması üçün Nazirlər Kabinetinə müraciət edildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Bakı İslam Universitetinin (BİU) diplomunun tanınması üçün Nazirlər Kabinetinə müraciət edib. Bunu Trend-ə QMİ sədrinin müavini, universitetin rektoru Hacı Sabir Həsənli deyib.

Müraciətin QMİ sədri Allahşükür Paşazadə adından ünvanladığını açıqlayan S.Həsənli bildirib ki, müraciətlərində BİU-nun diplomlarının "Dini etiqad azadlığı haqqında" qanunun 10-cu maddəsinə əsasən tanınmasının təmin edilməsi xahiş edilir.

O əlavə edib ki, "Dini etiqad azadlığı haqqında" qanunun 10-cu maddəsinə əsasən, ali dini tədris müəssisəsini bitirən məzunlar və tələbələr dövlət məktəblərinin tələbələri və məzunları ilə eyni hüquq və güzəştlərə malikdirlər: "Qanun bunu yazır. Amma qanunun yarısı icra olunur, yəni tələbələrə bu gün də təhsil müddətində hərbi xidmətdən möhlət hüququ verilir, amma diplomları tanınmır".

S.Həsənli qeyd edib ki, BİU 1989-cu ildə Bakı İslam mədrəsəsinin bazasında təşkil olunub. Bu barədə rəsmi qərarlar da olub: "Vaxtilə SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurasının məktəbin yaradılması haqqında qərarı olub. Bundan sonra məktəb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Dini İşlər üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyatdan keçib. Bütün bunlara baxmayaraq, bu gün bizim verdiyimiz diplomların ölkədə tanınmaması çox təəccüb doğuran haldır. Təəssüflər olsun ki, dönə-dönə həm Təhsil Nazirliyinə, həm də yuxarı instansiyalara müraciət etməyimizə baxmayaraq, bu məsələ lazımi səviyyədə həll olunmur. Halbuki universitetin yetirmələrindən hazırda səfir, baş konsul işləyən də var. Təəccüblüdür ki, diplomların bir qismi tanınır, amma əksəriyyəti tanınmır. Ona görə də məzunlar işlə təmin oluna bilmirlər. Diplomu görəndə deyirlər ki, bu diplom tanınmır".

Rektor BİU-nun fəaliyyəti ilə bağlı bəzi məntiqsiz məqamların da olduğunu söyləyib: "Əgər BİU qanunsuz fəaliyyət göstərirsə, onda məktəbin tələbələri nə üçün 5 il müddətinə həqiqi hərbi xidmətdən azad olunurlar?! Əsgərliyə çağırıldıqda isə digər ali təhsil müəssisələrinin məzunları kimi 1 il xidmət edirlər".

QMİ sədrinin müavini qeyd edib ki, diplomların tanınması ilə bağlı bir necə məhkəmə prosesi də olub. Amma məhkəmələr də bununla bağlı bir qərar verə bilmirlər: "Dini təhsil nə dövlət, nə də özəl təhsil sahəsinə aiddir. Bu, xüsusi növ təhsil sistemidir. Dünyada şəxsi, dövlət mülkiyyəti olduğu kimi, vəqf mülkiyyəti də var. Məsələn, Vatikanın özünəməxsus mülkiyyəti var. Azərbaycan məscidlərinin də mülkiyyət növü var. Bu da vəqf mülkiyyətidir, yəni məscidlər toxunulmaz, alınmayan, satılmayan, bağışlanmayan mülkiyyət növüdür. Təhsil sistemi də belədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti