...

6 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil olunacaq

Cəmiyyət Materials 12 May 2016 11:01 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikanın bölgələrində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunan səyyar formada protez-ortopedik bərpa xidməti gələn həftə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında davam etdiriləcək.
6 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil olunacaq

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikanın bölgələrində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunan səyyar formada protez-ortopedik bərpa xidməti gələn həftə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında davam etdiriləcək.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası mayın 18-də saat 10.00-dan 14.00-dək Balakən rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) və saat 15.00-dan 19.00-dək Zaqatala rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binalarında, mayın 19-da saat 9.00-dan 13.00-dək Qax rayon ƏSMM-nin və saat 14.00-dan 19.00-dək Şəki Əlillərin Regional Bərpa Mərkəzində müvafiq şəxslərə səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək.

Mayın 20-də isə saat 9.00-dan 13.00-dək Oğuz rayon mərkəzi xəstəxanasında və 14.00-dan 18.00-dək Qəbələ rayon mərkəzi xəstəxanasında həmin rayonlarda yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar səyyar şəkildə protez-ortopedik bərpa xidməti ilə təmin ediləcəklər.

Qeyd olunan rayonlar üzrə əvvəlcədən qeydiyyata götürülmüş vətəndaşlara, habelə göstərilən vaxtlarda və ünvanlarda müraciət edən müvafiq şəxslərə ehtiyaclarına uyğun şəkildə protez-ortopedik bərpa xidməti göstəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti