Bakı. İlhamə İsabalayeva - Trend:
Metsamor AES-in nüvə tullantılarının Kür və Araz çaylarına axıdılması ehtimalı var.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor İslam Mustafayev bildirib.
Bu stansiyanın 4 ölkənin sərhədinin kəsişməsində yerləşdiyini deyən İ.Mustafayev qeyd edib ki, Metsamor AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km, İran sərhədindən 60 km, Türkiyə sərhədindən isə 16 km aralıda yerləşir: "Orada yarana biləcək təhlükə bu ölkələrin hər birinə təsir göstərəcək. Amma Azərbaycana daha çox təsir göstərəcək. Çünki Ermənistan ərazisi bütövlükdə Kür-Araz hövzəsinə aiddir. Orada atılan, axıdılan istənilən tullantı bir necə müddətdən sonra bizim çaylarla axaraq Xəzərə gəlir. Bu, daha çox təhlükəlidir. Bu səbəblərdən təhlükənin qarşısı alınmalı və bu barədə daha geniş formada iş aparmaq üçün ictimai hərəkat formalaşdırılmalıdır".
Metsamor AES-in istifadə müddətinin artıq bitdiyini deyən mütəxəssis qeyd edib ki, bu il ərzində MAQATE onun istismar müddətinin artırılması məsələsinə baxmalıdır.
İ.Mustafayev hesab edir ki, buna görə də bu stansiyanın fəaliyyətinin dayandırılması üçün ictimai rəy yaradılmalıdır.
Ekspert qeyd edib ki, Azərbaycana qonşu və yaxın olan ölkələrdə AES-lər tikilməkdədir: "Digər tərəfdən, həmin ərazilərdə fəaliyyəti dayandırılan reaktorlar da var. Azərbaycan ərazisi tikilən və sökülən reaktorların arasında yerləşir. Nüvə materialları qacaqmalçılığı üçün real şərait yaranıb. İşğal olunmuş ərazilərdə nüvə materialları qacaqmalçılığından istifadə etmək cəhdləri ola bilər. Amma son 12-15 ildə Azərbaycanda bu kimi təhlükələrin qarşısının alınması məqəsdilə müxtəlif layihələr həyata keçirilib, gömrük işçiləri üçün xüsusi təlimlər aparılıb, xüsusi avadanlıqlar alınaraq quraşdırılıb. Ölkədə hazırda bu məsələlərə xüsusi nəzarət həyata keçirilir. Azərbaycanın bu nəzarəti aparmağa potensialı var, amma ölkəmizin ərazisinin 20 faizi işğal altındadır. Bu da təbii ki, müəyyən problemlər yaradır. Həmin ərazilərdən müxtəlif məqsədlər üçün istifadə etmək imkanları ola bilər".
İ.Mustafayev deyib ki, MAQATE üzvü olan ölkələrdəki reaktorlara, onların tullantılarına ciddi nəzarət edilir: "Amma buna baxmayaraq, hər hansı mənfi halın baş verməməsi üçün Azərbaycan bütün mövcud imkanlardan istifadə etməli, bu imkanlarını daha da artırmalıdır".