...

Bu il peşə hazırlığına cəlb edilənlərin 16,4 faizi əlilliyi olan şəxslərdir

Cəmiyyət Materials 17 May 2016 15:58 (UTC +04:00)
Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşə hazırlığına cəlb edilənlərin 16,4 faizini əlilliyi olan şəxslər təşkil edib
Bu il peşə hazırlığına cəlb edilənlərin 16,4 faizi əlilliyi olan şəxslərdir

Bakı. Trend:

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili onların səmərəli məşğulluğunun təmin olunmasında əhəmiyyətli rol oynayır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ildə də bu istiqamətdə tədbirlər davam etdirilir və bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumilikdə 1275 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Onlardan 1136 nəfər, o cümlədən 70 nəfər əlilliyi olan şəxs üçün nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. 139 nəfər gənc isə nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub.

Qeyd olunan dövrdə nazirliyin xətti ilə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən şəxslərin 209 nəfərini və ya 16,4 faizini əlilliyi olan şəxslər təşkil edib.

Kurslarda müdavimlərə kompüter istifadəçisi, dərzi, elektrik montyoru, bərbər, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, xalçaçılıq, toxuculuq, tikişçilik, kulinariya və s. peşələr üzrə bilik və bacarıqlar aşılanır. Kursları bitirmiş şəxslər sertifikatla təmin olunur və yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün müvafiq işlər aparılır.

Yanvar-mart aylarında nazirlik tərəfindən gələcəkdə düzgün peşə seçiminə köməklik göstərilməsi məqsədilə 46,5 min nəfərə yaxın gəncə peşəyönümü məsləhətləri verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti