...

Azərbaycanın milli təamları Bolqarıstanda (FOTO)

Cəmiyyət Materials 31 May 2016 20:49 (UTC +04:00)
Tədbir çərçivəsində səfir “milli təamın təqdimatı” proqramında (cooking show) iştirak edərək, Azərbaycanın qədim milli təamı olan yarpaq dolmanın hazırlanması üsulunu tamaşaçılara təqdim edib.
Azərbaycanın milli təamları Bolqarıstanda (FOTO)

Bakı. Trend:

Sofiya şəhərində Bolqarıstanın Turizm Nazirliyi, "Globe Trade Centre" (GTC) şirkəti, Beynəlxalq Qadın Klubu, Bolqarıstanın Kulinariya Akademiyasının təşkilatçılığı, Sofiya və Bolqarıstanın müxtəlif şəhərlərinin merlərinin dəstəyi və 17 ölkənin iştirakı ilə milli mətbəx nümunələrinin təqdim edilməsinə dair "Bolqarıstan dünyanın zövqünü alqışlayır" adlı tədbir keçirilib.

Bu festivalda Azərbaycanın Bolqarıstandakı səfirliyi iştirak edərək, ölkəmizin milli təamlarını nümayiş etdirib. Ölkəmizin stendində qonaqlara plov, dolma, dovğa, Azərbaycanın içki və şirniyyatları təqdim edilib. Bununla yanaşı, Azərbaycan stendi çərçivəsində "Gənjə Avropa Gənclər Paytaxtı", "Avropa Qran Pri Bakı" Formula-1 yarışı, Naxçıvanın "Duzdağ" hotel və müalicə mərkəzinə dair güşə və posterlər təşkil edilib. Azərbaycan stendi bütün ölkələrin stendindən bolluğuna və çeşidinə görə fərqlənib və çoxlu sayda tamaşaçı cəlb edib.

Festivalın açılış mərasimində çıxış edən Bolqarıstanın turizm naziri Nikolina Angelkova "Bolqarıstan dünyanın zövqünü alqışlayır" adlı festivala əcnəbilər də daxil olmaqla 100 mindən artıq insanın qatıldığını və bunun Bolqarıstanda turizmin inkişafı üçün böyük rol oynadığını qeyd etdi. Nazir, eyni zamanda bu festivalın təşkilinin Bolqarıstanın yeni turizm istiqamətinə çevrilməsinə yönələn bir addım olduğunu bildirdi.

Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək, bu festivalın bir çox xalqların mədəniyyət və ənənələri ilə yaxından tanış olmağa geniş imkan yaratdığını bildirdi. Səfir Azərbaycani mətbəxinin dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən olduğunu diqqətə çatdıraraq, kulinariyamızın milli mədəniyyət, tarix, fəlsəfə və estetikanın özündə ahəngdar şəkildə birləşdirdiyini vurğuladı. Səfir ölkəmizin milli mətbəxinin qədim tarixi barədə danışaraq, onun məşhur italyan səyyah Marko Polo və fransız yazıçı Aleksandr Dumanı valeh etdiyini söylədi. N.Qurbanova, həmçinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin bu il ilk dəfə Avropa İttifaqına üzv olmayan ölkənin şəhəri kimi Avropa Gənclər Paytaxtı elan edilməsi barədə məlumat verərək, festival iştirakçıları və qonaqlarını Gəncəyə səfər etməyə dəvət etdi. Bununla yanaşı, səfir cari ilin iyun ayında Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin keçiriləcəyini diqqətə çatdırdı.

Çıxışın sonunda səfir qonaqları Azərbaycan stendinə yaxınlaşaraq milli təamları dadmağa və ölkəmiz haqqında məlumatlarla tanış olmağa dəvət etdi.

Tədbir çərçivəsində səfir "milli təamın təqdimatı" proqramında (cooking show) iştirak edərək, Azərbaycanın qədim milli təamı olan yarpaq dolmanın hazırlanması üsulunu tamaşaçılara təqdim edib. Təqdimat "facebook" sosial şəbəkəsində canlı yayımlanıb və böyük maraqla qarşılanıb.

Qeyd edək ki, sözügedən festival Bolqarıstanın 7 şəhərində keçirilib və bütün bu şəhərlərdə Azərbaycan müvafiq stendlərlə təmsil olunub. Festivaldan əldə edilmiş gəlirlər təşkilatçılar tərəfindən Bolqarıstanda fəaliyyət göstərən xəstəxanalar və uşaq evlərinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti