...

Naxçıvanın böyük turizm potensialı var

Cəmiyyət Materials 27 Sentyabr 2016 15:25 (UTC +04:00)
Sentyabrın 27-də bütün dünyada olduğu kimi, Azərbaycanda da Ümumdünya Turizm Günü qeyd olunur.
Naxçıvanın böyük turizm potensialı var

Bakı. Trend:

Sentyabrın 27-də bütün dünyada olduğu kimi, Azərbaycanda da Ümumdünya Turizm Günü qeyd olunur.

Turizm günü Ümumdünya Turizm Təşkilatı tərəfindən 1979-cu ildə təsis edilib. Həmin gün turizm və turizm biznesinə həsr olunan tədbirlər, festivallar keçirilir. Turizm gününün başlıca məqsədi turizmin təbliği və müxtəlif ölkə xalqları arasında əlaqələrin inkişafıdır.

Qədim Azərbaycan diyarı olan, günü-gündən müasirləşən Naxçıvan Muxtar Respublikasının da böyük turizm potensialı var. Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır. Burada qədim dövrlərin yadigarı olan tarixi-memarlıq abidələri - Möminə Xatın, Yusif Küseyir oğlu, Gülüstan türbələri, Qarabağlar Memarlıq Kompleksi, həmçinin təbiət abidələri - əsrlərdən bəri qorunub saxlanılan, yaşı 800 ildən artıq olan Şərq çinarı, narbənd, tut ağacları və tarixi yaddaşı özündə əks etdirən qədim insanların ilk məskunlaşdığı Gəmiqaya abidəsi, Kilit mağarası, Qazma mağarası, bu yerlərin əzəmətinin, məğlubedilməzliyinin simvolu olanƏlincə qalası, möhtəşəmliyi ilə seçilən Haçadağ, Babək qalası, Göy-göl, Əshabi-Kəhf və yüzlərlə sənət əsərləri, ərazidə 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu və s. Naxçıvan diyarının analoqu olmayan turizm potensialıdır.

Bu potensialdan səmərəli istifadə etmək məqsədilə mühüm işlər görülmüş, şəhər və rayonlarda milli və müasir memarlığın nailiyyətlərini özündə cəmləşdirən istirahət parkları istifadəyə verilmiş, müasir tələblərə cavab verən mehmanxanalar tikilmiş, yeni abidələr ucaldılmış, tarixi yaddaşı əks etdirən qədim memarlıq abidələri bərpa və konservasiya edilərək əvvəlki görkəmlərinə qaytarılmışdır. 2008-ci ildə Duzdağ Fizioterapiya Mərkəzi, həmçinin Darıdağ Arsenli Su müalicəxanası müasir tələblər səviyyəsində yenidən qurulmuş, müayinə, müalicə və istirahət üçün hər cür şərait yaradılmışdır.

Muxtar respublikanın rəngarəng təbiət mənzərələri, əlverişli iqlim şəraiti, mineral suları ekoturizmin inkişafını şərtləndirən başlıca amillər sırasındadır. Muxtar respublikada mövcud olan dini ziyarətgahlar, pir və imamzadələr, xüsusilə müqəddəs Qurani Kərimin «Əl-Kəhf» surəsində haqqında bəhs edilən Əshabi-Kəhf ziyarətgahı dini turizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində ziyarətçilərin ziyarət etməsi üçün hər cür şərait yaradılmışdır. Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi də turistlərin ən çox ziyarət etdikləri məkanlardan biridir.

Muxtar respublika ərazisində turistlərin marağı nəzərə alınmaqla Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Gəmiqaya, Naxçıvan-Qarabağlar, Naxçıvan-Batabat-Ağbulaq və Naxçıvan-Gülüstanturist marşrutları hazırlanmışdır.

Muxtar respublikanın ən ucqar kəndlərinə belə rahat yollar çəkilmiş, Naxçıvan şəhərindən bütün rayon və kəndlərə marşrut xətləri, taksi xidməti fəaliyyət göstərir. Həmçinin muxtar respublikanın bir neçə kəndinə dəmiryolu nəqliyyatı ilə də getmək mümkündür. Hazırda İran İslam Respublikası ərazisindən keçməklə paytaxt Bakı şəhərinə, həmçinin Türkiyə Respublikası ərazisindən keçməklə Gürcüstanın Batumi şəhərinə sərnişin avtobusları işləyir. Naxçıvan Beynəlxalq Hava Limanından Bakı və Gəncəyə, Moskva və İstanbul şəhərlərinə təyyarə reysləri vardır. Muxtar respublikada müasir tələblərə cavab verən turizm obyektlərinin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. 2013-cü ildə Şahbuz rayonunda Ağbulaq İstirahət Mərkəzinin və digər turizm infrastrukturu obyektlərinin istifadəyə verilməsi istirahət turizminin inkişafına əlverişli şərait yaratmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti